Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş bağçaların açılışı olub
Sentyabrın 16-da Bakının Xəzər rayonunun Zirə qəsəbəsinin Qışlaq yaşayış sahəsində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş 2 saylı uşaq bağçasının açılışı olub. Tədbirdə Heydər Əliyev Fondunun, Xəzər Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
Uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən
zəruri mebel və avadanlıqlarla təchiz edilib.
Uşaq bağçasının direktoru İlahə Rəsulova məlumat verib ki,
Heydər Əliyev Fondu tərəfindən 60 yerlik uşaq bağçasının inşasına 2019-cu ilin
dekabrında başlanılıb, tikinti işləri 2020-ci ilin iyul ayında yekunlaşıb. Bir
mərtəbədən ibarət bağçanın ümumi ərazisi 0.0894 hektardır. Bağçanın ərazisində
yeraltı içməli su anbarı, nasosxana və qazanxana inşa edilib, bina daimi su,
elektrik və istilik sistemləri ilə təmin edilib.
Bildirilib ki, uşaq bağçasının binası 2 qrup otağından
ibarətdir. Ərazidə oyun meydançası da var. Məşğələ və yataq otaqları hər cür
avadanlıq və ləvazimatlarla təmin edilib. Pandemiya ilə əlaqədar olaraq bağçada
bütün gigiyenik qaydalara ciddi riayət olunur.
Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri
aparılıb, əraziyə daş örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib,
işıqlandırma sistemləri quraşdırılıb. Bağça ətrafı yollar abadlaşdırılıb.
Bu gün Heydər Əliyev Fondu
tərəfindən Xəzər rayonunun Binə qəsəbəsində inşa olunmuş 218 saylı körpələr
evi-uşaq bağçasının da açılışı olub.
Heydər Əliyev Fondunun, Xəzər Rayon İcra Hakimiyyətinin,
“Regional İnkişaf” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə keçirilən
tədbirdə körpələr evi-uşaq bağçasının direktoru Ülviyyə Quliyeva məlumat verib
ki, ikimərtəbəli binanın məşğələ və yataq otaqları zəruri mebel və
avadanlıqlarla təchiz olunub.
Qeyd edilib ki, 80 yerlik uşaq bağçasının binası 4 qrup
otağından ibarətdir. Ərazidə oyun meydançası da var. Bağçanın həyətyanı
ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə daş örtüyü
döşənib, dekorativ və kol ağacları əkilib, işıqlandırma sistemləri
quraşdırılıb. Bağça kənarı yollara asfalt örtüyü salınıb.