Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilməsi başa çatıb.
Aksiya respublika üzrə 100 mindən çox aztəminatlı
ailəni əhatə edib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai
Birliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri aztəminatlı
ailələrin evlərinə baş çəkərək onları bayram münasibətilə təbrik ediblər. Ailələrə
ətlik cins heyvanların xüsusi ət kəsimi yerlərində kəsilərək ayrı-ayrılıqda
qablaşdırılmış paylar və ərzaq sovqatları çatdırılıb.
Qeyd edək ki, Mehriban Əliyevanın tapşırığı ilə
bundan əvvəlki dövrlərdə də müxtəlif bayramlar, əlamətdar günlər münasibətilə həssas
əhali qrupları, aztəminatlı ailələrlə bağlı minlərlə ailəni əhatə edən dəstək
layihələri həyata keçirilib.
Bu cür aksiyalarda məqsəd xüsusi qayğıya ehtiyacı
olan şəxslərə sosial dəstək göstərmək, müxtəlif bayram və əlamətdar günləri
onlarla birlikdə qeyd etməkdir.