Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırıb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatları çatdırılır.
Layihə respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə
edir. Ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə
üçün ayrı-ayrılıqda qablaşdırılıb.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri respublika üzrə
aztəminatlı ailələrə baş çəkərək qurban paylarını təqdim edir, mənəvi-ruhi
birlik, həmrəylik, humanizm və mərhəmət rəmzi olan Qurban bayramında onlara
sağlam həyat, rifah və əmin-amanlıq arzularını çatdırırlar.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə
sosial-iqtisadi inkişafa yönələn dövlət proqramlarına dəstək verir, aztəminatlı
ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır,
müxtəlif bayramları və əlamətdar günləri onlarla birlikdə qeyd edir.
Respublikamızda qeyd olunan müxtəlif bayramlarda aztəminatlı
ailələrə Heydər Əliyev Fondunun sovqatları paylanılır, sosial yardıma ehtiyacı
olan minlərlə şəxsə bayram əhval-ruhiyyəsi bəxş edilir.