150 +994505000150

165 mindən çox aztəminatlı ailəyə bayram sovqatları verilib

29 dekabr 2016
Paylaş
165 mindən çox aztəminatlı ailəyə bayram sovqatları verilib

Heydər Əliyev Fondu tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edib.

Heydər Əliyev Fondunun müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 23-dən etibarən respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə çatdırılıb. Layihə çərçivəsində respublika üzrə 165 mindən çox aztəminatlı ailəyə Fondun bayram sovqatları paylanılıb, sakinlərin bayramları təbrik edilib.

 

Heydər Əliyev Fondu və Fondun təsis etdiyi Regional İnkişaf İctimai Birliyinin bu birgə layihəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçirilib.

 

Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının 12 rayonunda, eləcə də respublikanın bir sıra rayon və şəhərlərində sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil olunub, tədbirlərin hər bir iştirakçısına bayram hədiyyələri verilib.

 

Tədbirlərdə çıxış edənlər valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlik layihələrin Heydər Əliyev Fondunun daim diqqət mərkəzində olduğunu bildiriblər. Fondun xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirdiyi diqqətə çatdırılıb.

 

Eyni zamanda qeyd olunub ki, Heydər Əliyev Fondunun 2016-cı ildən yaradılan “Regional İnkişaf” İctimai Birliyi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.

 

Beləliklə, qarşıdan gələn bayramlar ərəfəsində daha bir xeyirxah aksiya baş tutub və layihənin əhatə etdiyi hər bir şəxsə sovqatlarla yanaşı, bayram əhval-ruhiyyəsi də bəxş edilib.