Könüllülüklə bağlı sənədli film və fotosərgi hazırlanır
“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) sifarişi və təşkilati dəstəyi ilə Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə həsr olunan sənədli film və fotosərgi hazırlanır.
Layihənin
icrasını Bakı Media Mərkəzi həyata keçirir.
Azərbaycan
Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər
ili” elan olunması ilə əlaqədar RİİB ölkədə könüllülük hərəkatının genişləndirilməsi,
könüllülərin fərdi inkişafı və faydalı məşğulluğunun təmin edilməsi, gənclərdə
sosial məsuliyyət, vətənpərvərlik, dövlətçilik, humanizm dəyərlərinin möhkəmləndirilməsi
istiqamətində müxtəlif tədbirlər və sosial layihələr reallaşdırır.
Sənədli
film və fotosərgidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra ölkəmizdə dövlət-özəl sektor-vətəndaş cəmiyyəti
arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə başlanan könüllülük hərəkatının
Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı uğurlu gənclər siyasəti sayəsində
yeni inkişaf mərhələsinə qədəm qoyması, gənclərin kreativlik, təşəbbüskarlıq,
innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə ölkəmizdə könüllülük fəaliyyətinə
yeni nəfəs verməsi əksini tapacaq. Eləcə də gənclərin ölkəmizin ev sahibliyi
etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa
Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” və digər
irimiqyaslı tədbirlərdə, müxtəlif dövlət qurumlarında könüllü kimi fəaliyyətindən
geniş bəhs olunacaq.