Məsul şəxsi Rahib Rəsulzadə olan “Ümidə aparan yol” layihəsinin əsas məqsədi uşaq evləri və
internat məktəblərindən olan uşaqların və yeniyetmələrin istedadlarının aşkar
edilməsi, bədii yaradıcılıq imkanlarının üzə çıxarılması və onlarda bədii
zövqün, ifa mədəniyyətinin və yaradıcı fikrin formalaşmasına dəstək olmaqdır.
Layihənin
icrası müddətində Bakı, Gəncə, Zaqatala şəhərləri və Füzuli rayonunun Horadiz qəsəbəsində
fəaliyyət göstərən xüsusi internat məktəbləri və internat tipli gimnaziyalarda təhsil
alan uşaqlar və yeniyetmələr üçün seçim turu və final daxil olmaqla 2 mərhələdən
ibarət yaradıcılıq müsabiqəsi keçiriləcək. Müsabiqə rəqs – milli və beynəlxalq
rəqslər; təsviri sənət - rəssamlıq, heykəltaraşlıq və toxuculuq; musiqi yaradıcılığı - muğam və
xalq mahnıları və bədii qiraət nümunələri
olmaqla 4 nominasiya üzrə təşkil olunacaq. Yanvar-may ayları ərzində baş
tutacaq müsabiqənin seçim turları və final mərhələsinin iştirakçıları münsiflər
heyəti tərəfindən müəyyən ediləcək.
Xatırladaq
ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində həyata
keçirilən “Sosial layihələr” müsabiqəsi vətəndaş
cəmiyyətinin inkişafı, o cümlədən təşəbbüskarlıq mühitinin formalaşması, sosial
inkişafa yönələn ideyalar, təşəbbüslərin irəli sürülməsi və onların həyata
keçirilməsi məqsədilə yaradılmış və müsabiqəyə layihələrin qəbulu 01 avqust 2019-cu
il tarixindən noyabrın 20-dək həyata keçirilmişdir.