“Sosial bağlar” layihəsi çərçivəsində daha 250 ailə üçün intensiv meyvə bağları salınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsi çərçivəsində 32 rayonda daha 250 ailə üçün intensiv meyvə bağları salınıb.
Layihəyə
cəlb olunmuş iştirakçılardan 178-i aztəminatlı, 52-si əlilliyi olan şəxs, 20-si
isə şəhid ailəsinin üzvləridir.
İştirakçılar
ilk növbədə müvafiq təlimlərə cəlb olunub. Daha sonra müxtəlif relyefə, coğrafi
əraziyə və struktura malik 195 hektar torpaq sahəsi şumlanaraq əkin üçün hazır
vəziyyətə gətirilib, sahələrdə müasir damlama suvarma sistemləri quraşdırılıb.
30 hektardan çox ərazi köhnə ağac, kötük, kol və daşlardan təmizlənib, suvarma
sistemlərinin istismarı üçün sahələrə elektrik xətləri çəkilib və digər texniki
işlər həyata keçirilib.
Bağçılıq
üçün yararlı hala salınmış sahələrə gavalı, gilas, alma, xurma, nar, badam,
qoz, fındıq, ərik, heyva və digər ağac tingləri əkilib.
Eyni
zamanda layihə iştirakçılarına sahələrə aqrotexniki qulluq, məsləhət xidmətlərinin
göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək
göstərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Sosial bağlar” layihəsinin ilk mərhələsi kimi, 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınmışdı.