“Üçüncü Bahar” yaşlıların festivalına yekun vurulub
Dekabrın 20-21-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Üçüncü Bahar” layihəsi tərəfindən Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçirilib.
Festivalın
ilk günü yaşlı insanların iştirakı ilə Bakı, Sumqayıt, Gəncə və Mingəçevir
şəhərlərində “Poeziya saatı”, “Musiqili dəqiqələr” adlı silsilə tədbirlər
keçirilib, təqaüdçülərin hekayələri dinlənilib.
Festivalın
ikinci günü - dekabrın 21-də Bakı şəhərində davam edib. İki hissədən ibarət
olan proqramın birinci hissəsi ustad dərsləri və sərgiyə, ikinci hissəsi isə
festivalın bağlanış proqramına həsr olunub. Nizami Kino Mərkəzində baş tutan
festivalın birinci hissəsində iştirakçılar masaüstü oyunlar, ustad dərslərində
maraqla iştirak ediblər. Daha sonra qonaqlar “Üçüncü Bahar” üzvləri tərəfindən
hazırlanan əl işlərinin nümayiş olunduğu sərgi guşəsi ilə tanış olublar.
Proqramın
ikinci hissəsi “Üçüncü Bahar” təşkilatının 3 illik fəaliyyəti haqqında
videoçarxın nümayişi ilə başlanıb. Daha sonra festivalın ilk günü haqqında
videoçarx təqdim edilib, “Yaşlılardan ibarət xor kollektivinin” ifası
dinlənilib, “Nəsillərarası dialoq” səhnəciyi nümayiş edilib. Tədbir yaşlı və
gənc nəslin nümayəndələrinin “Hər şey gözəldir həyatda” mahnısı əsasında vals
rəqsi ilə yekunlaşıb.
Qeyd
edək ki, “Üçüncü Bahar” layihəsinin məqsədi yaşlıların əhatə dairəsinin
genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar
üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq
durumlarının yaxşılaşdırılmasıdır.
Layihə
çərçivəsində “Üçüncü bahar” Festivalından sonra Şamaxı şəhərində yaşlıların
asudə vaxtının səmərəli təşkili üçün “Yaşa Mərkəzi”nin istifadəyə verilməsi
nəzərdə tutulub.