“Sosial layihələr” müsabiqəsinin növbəti qalibləri müəyyənləşib
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birlliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin növbəti qalibləri elan olunub.
Qalib layihələr sosial
cəhətdən həssas, çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı
olan əhali qruplarının sosial problemlərinin
həllini, məşğulluğun və əmək bazarında vətəndaşların rəqabət qabiliyyətinin
artırılmasını özündə əks etdirir.
İctimai birliklər
tərəfindən müsabiqəyə təqdim edilən layihələrin növbəti qalibləri - məsul şəxs
və layihələrin adı aşağıda qeyd olunub:
1. “Üçüncü Bahar” - Nərmin Qəniyeva, məsul şəxs
2. “1001 səsli
hekayə” - Nofəl Şirinov, məsul
şəxs
3. “Gənc Fermer” - Mehman Əliyev, məsul şəxs
4. “Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması” - Azər Allahverənov, məsul şəxs
5. “MirvariStore”-
Xəyalə İbrahimova, məsul şəxs
Xatırladaq ki, müsabiqənin
ilkin mərhələsində dörd layihə qalib elan olunmuş və icrasına başlanmışdır.
Qalib layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi
inkişafı, təbiətin və ətraf mühitin mühafizəsi, elm və təhsilin inkişafı,
sosial cəhətdən həssas əhali qruplarının sosial problemlərinin həllini özündə
əks etdirir.
Qeyd edək ki, “Sosial layihələr” müsabiqəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə
və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq
mühitinin formalaşdırılması məqsədi ilə
cəmiyyət üzvlərinin fiziki,
sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və
sağlamlığının qorunmasına dair təşəbbüsləri; elm və təhsilin inkişafına,
innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə
dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə dair təşəbbüsləri; cəmiyyətdə
tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə bərabər imkanların
yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.
Qeyd edək ki,
müsabiqəyə göndərilən layihələrin qiymətləndirilməsi hazırda davam edir.
İştirakçılara yoxlamadan keçməyən və münsiflər heyətinin qiymətləndirməsinə təqdim
olunan layihələr barədə elektron formada məlumat göndəriləcək.
Əlavə məlumat almaq üçün “150” Çağrı Mərkəzinə və
(012)4880150 telefon nömrəsinə müraciət etmək olar.