Cənub bölgəsində onkoloji xəstəliklər üzrə profilaktik tibbi müayinələr və elmi-nəzəri konfrans keçirilib
Azərbaycanın cənub bölgəsində əhali arasında skrininq proqramına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü və Heydər Əliyev Fondunun “Regional İnkişaf" İctimai Birliyinin (RİİB) dəstəyi ilə profilaktik müayinələr aparılıb.
Milli
Onkologiya Mərkəzinin səyyar həkim briqadaları bölgə sakinlərini onkoloji
xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə səyyar
mammoqrafiya, ultrasəs və rentgen müayinələrindən keçiriblər. Skrininq proqramı
əsasında noyabrın 17-18-də Biləsuvarda, noyabrın 19-20-də Astarada, noyabrın 21-22-də
isə Lənkəranda ümumilikdə 3000-dən çox
region sakininin ödənişsiz tibbi müayinəsi təşkil olunub.
Noyabrın
22-də Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında onkoloji xəstəliklər aşkarlanmış xəstələr
üzərində Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəfindən cərrahi əməliyyatlar aparılıb.
“Regional
İnkişaf" İctimai Birliyinin könüllüləri
vətəndaşların müayinələrə cəlb edilməsi və təşkilati işlərdə yaxından iştirak
ediblər.
Skrininq
proqramı çərçivəsində noyabrın 23-də Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində
“Regional İnkişaf" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə
təşkilatçılığı ilə “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir
yanaşma” mövzusunda elmi-nəzəri konfrans təşkil olunub.
Konfransda
Milli Onkologiya Mərkəzinin həkim və mütəxəssislərinin “Baş-boyun şişlərinin
müasir cərrahi müalicəsi”, “Sinonazal və intrakranial yerləşmiş törəmələrə
endonazal endoskopik yanaşma“,“Uşaqlıq boynu xərçənginə müasir yanaşma“ , “Magistral
damar rezeksiyası ilə peritonarxası törəmələrin çıxarılması”, “Milli Onkologiya
Mərkəzində uşaq endoskopiyası”, “Süd vəzi xərçəngi epidemiologiya, risk
faktorları, diaqnostikası”, “Uşaqlarda onkoloji xəstəliklərin erkən
diaqnostikası”, “Onkourologiyada müasir diaqnostika və müalicə”, “Onkoloji
diaqnostika və müalicədə yeni trend: nüvə təbabəti” mövzularında məruzələri dinlənilib.
Konfransda cənub bölgəsi və qonşu rayonlarda çalışan 150-dən çox onkoloq,
ginekoloq, endokrinoloq, uroloq və cərrah iştirak edib.
Sonda
iştirakçılara sertfikatlar təqdim olunub.
“Regional İnkişaf" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə skrininq proqramlarının Azərbaycanın digər bölgələrində də reallaşdırılması nəzərdə tutulur.