“Sosial Layihələr” müsabiqəsi ilə bağlı Bakıda təqdimat görüşləri keçirilib
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi ilə bağlı Bakı şəhərində təqdimat görüşləri keçirilib.
Görüşlərdə dövlət qeydiyyatına alınmış qeyri-hökümət təşkilatlarının, ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının və elmi cəmiyyətlərinin, elmi-tədqiqat təşkilatlarının, könüllü hərəkatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər.
“Sosial layihələr” müsabiqəsinin rəhbəri Şahin Seyidzadə tərəfindən keçirilən təqdimatlarda müsabiqənin məqsədi, iştirak şərtləri, müraciət qaydaları, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər, layihənin əhatə etdiyi mövzular barədə geniş məlumat verilib.
Xatırladaq ki, müsabiqəyə təqdim olunan layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, həyat və sağlamlığının qorunmasına, elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə, təbiət və ətraf mühitin mühafizəsinə, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına və bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri əhatə edir.
Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Layihələrin qeydiyyatı http://musabiqe.riib.az/ elektron sistemi vasitəsilə onlayn qayada həyata keçirilir.
Müsabiqə barədə riib.az saytından, eləcə də (012)4880150 əlaqə telefonu və 150 çağrı mərkəzi vasitəsi ilə ətraflı məlumat əldə etmək mümkündür.