Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Üzüm və Şərab Festivalında təşkil edilən pavilyonlarla tanış olub
Avqustun 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxı rayonunun Meysəri kəndində keçirilən Azərbaycan Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan sərgi və pavilyonlarla tanış olub.
Leyla Əliyeva yerli üzüm və şərab istehsalçıları ilə görüşüb, müəssisələrin pavilyonları ilə tanış olub.
Avqustun 30-dan başlayan festival çərçivəsində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif tədbirlər keçirilib.
Avqustun 31-də festival tədbirləri başlayanadək yoqa, streçinq və taekvondo məşqləri keçirilib. Festival iştirakçıları, həmçinin İsmayıllı rayonunun Lahıc kəndinə, Qəbələ və Şamaxı rayonları ərazilərinə ekskursiyalara gediblər.
Festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətində üzüm və şərab motivlərinə həsr olunmuş seminar keçirilib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərabçı və somalyelərin master klasları olub. Yerli şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər.
Milli zonada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti təqdim edilib.
Bununla da ikigünlük festival başa çatıb.