RİİB kənd təsərrüfatının inkişafına dəstək məqsədi ilə təlimlər təşkil edib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Quba şəhərində “Bitkilərə aqrotexniki qulluq və gübrələrdən istifadə qaydaları” və “Müasir kənd təsərüffatı texnikalarının istismarı qaydaları” mövzularında təlim kursları keçirilib.
Təlimlər Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi–Tədqiqat İnstitutu, Quba regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Quba Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası, “Aqrolizinq” ASC–nin mütəxissləri tərəfindən keçirilib.
İki gün davam edən kurslar respublikanın əsas meyvəçilik bölgələrindən olan Qubada kənd təsərrüfatının inkişafına dəstək, fermer və sahibkarlara yüksək məhsuldarlığın, keyfiyyətli məhsulun əldə etməsinə yardım məqsədi daşıyıb.
“Bitkilərə aqrotexniki qulluq və gübrələrdən istifadə qaydaları” mövzusunda keçirilən təlimdə 60 fermer iştirak edib. Onlara intensiv tipli meyvə bağlarında zərərverici və xəstəliklərə qarşı iteqrir mübarizə, gübrələmə sistemləri, meyvə bağlarına yeni texnologiyalarla qulluq barədə ətraflı məlumat verilib. Təlim zamanı iştirakçılar Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonundakı Elmi-Tədqiqat İnstitutunun sərqi-nümayiş sahələrində müxtəlif elmi tədqiqat işləri ilə tanış olublar.
“Müasir kənd təsərüffatı texnikalarının istismarı qaydaları” adlı təlim kursunda 38 nəfər kənd təsərrüfatı texnikasının istifadəçisi iştirak edib. Təlimdə müasir traktor, kombayn və digər kənd təsərrüfatı texnikasının quruluşu və texniki istismar qaydaları, becərilmiş məhsulun vaxtında və itkisiz yığılması haqqında mühazirələr dinlənilib.Təlimin praktiki hissəsində iştirakçılar yeni tipli aqrotexnikanın imkanları və istismarı ilə tanış olublar.
Fermer və sahibkarlara elmi-texniki yenilikləri mənimsətmək, kənd təsərrüfatı istehsalçılarının texnikaların istismar qaydalarına riayət olunmasına yardım məqsədi daşıyan təlim kursunu bitirənlərə sertifikatlar təqdim olunub.
Qeyd olunan təlim kurslarının digər bölgələrdə də təşkili nəzərdə tutulub.