150 +994505000150

RİİB Quba-Xaçmaz regionunda turizm bələdçiləri üçün kurslar təşkil edib

6 iyun 2016
Paylaş
RİİB Quba-Xaçmaz regionunda turizm bələdçiləri üçün kurslar təşkil edib

Heydər Əliyev Fondunun təsis etdiyi “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Quba-Xaçmaz regionu üzrə “Turizm bələdçisinin texniki peşə biliklərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib.

RİİB-ə Quba-Xaçmaz regionundan daxil olan müraciətlər və bu zonanın respublikanın əsas turizm bölgələrindən biri olması nəzərə alınaraq keçirilən təlimlərdə turizm və mədəniyyət sahəsində çalışan 19 nəfər iştirak edib.

 

Həmçinin turizmin inkişafına dəstək məqsədi daşıyan layihə çərçivəsində turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklər, regionda yerli və xarici turistlərin diqqət mərkəzində olan marşrutlar üzrə turların texniki tərəfləri, turistlərlə ünsiyyətin düzgün qurulması, bədən dili, turizm sahəsində beynəlxalq təcrübə və digər məsələlər iştirakçılara ətraflı öyrədilib. Təlimlər Azərbaycan Turizm və Menecment Universitetinin mütəxəssisləri tərəfindən aparılıb.

 

Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin “Turizm bələdçilərinin attestasiyası” və beynəlxalq bələdçi təlimləri üzrə proqramları əsasında hazırlanan təlim prosesində turizm üçün maraqlı və ölkəmizin tarixində önəmli yeri olan “Şabran şəhəri” Tarixi Qoruğu, Qubanın Qırmızı qəsəbəsi, “Quba Soyqırımı Memorial Kompleksi” də daxil olmaqla rayon mərkəzinə tematik turlar təşkil olunub. Turlarda bələdçi peşəsinin texniki tərəfləri, turistlərlə düzgün ünsiyyətin qurulması kimi praktik biliklərlə yanaşı, müəyyən olunmuş marşrutlar üzrə Azərbaycan həqiqətlərinin, ölkəmizin tarixi və mədəniyyəti, arxeoloji abidələri barədə ətraflı məlumatlar çatdırılıb.

 

Gələcək bələdçilər, həmçinin Quba-Xaçmaz regionunda turizmin inkişafı ilə bağlı  təkliflərini də hazırlayıblar.

 

Təlimə cəlb olunanların bilik səviyyəsinin müəyyən edilməsi məqsədilə nəzəri attestasiya keçirilib. Kursu bitirənlərə sertifikatlar təqdim olunub. Təlimdə fərqlənən və attestasiyadan keçən 5 iştirakçıya isə turizm bələdçisi kimi fəaliyyət göstərmək üçün şəhadətnamə verilib.

 

Xatırladaq ki, RİİB bundan əvvəl İsmayıllı rayonunda da turizm bələdçiləri üçün kurslar təşkil edib. İsmayıllı və Quba-Xaçmaz regionunda keçirilən bu təlim kurslarının digər turizm bölgələrində də davam etdirilməsi nəzərdə tutulur.