Əhalinin maliyyə savadlılığının artırılması ilə bağlı Quba rayonunda sakinlərlə görüş keçirilib
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Respublikasının Mərkəzi Bankı və Almaniyanın Əmanətlər Bankı əhalinin maliyyə savadlılığının artırılması istiqamətində Quba rayonunda sakinlərlə görüş keçirib.
Görüşdə vətəndaşlara əmanətlər, kredit və zaminlik məsələləri, pul siyasəti, valyuta məzənnəsi, inflyasiya, elektron bankçılıq və digər mövzularda təqdimatlar edilib. Həmçinin RİİB və Almaniyanın Əmanətlər Bankının birgə icra etdiyi “Əhalinin maliyyə savadlılığının artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Yığım oyunu” təlimləri, eləcə də Mərkəzi Bank tərəfindən yaradılan “Maliyyə savadlılığı portalı”(https://bizimpullar.az/) haqqında məlumat verilib. Bildirilib ki, portalın yaradılmasında məqsəd ölkədə maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, maliyyə davranışlarının rassionallaşdırılması, iqtisadi subyektlərdə maliyyə bacarığının formalaşdırılması, eyni zamanda, əhalinin maliyyə rifahının yaxşılaşdırılmasına dəstək göstərməkdir.
Görüşdə ailə büdcəsinin düzgün idarə olunması, ehtiyat fondların yaradılması, gözlənilməz xərclərə hazırlıq və digər mövzularda əhalinin maarifləndirilməsinə xidmət edən “Yığım oyunu” təlimlərinin əhəmiyyəti qeyd olunub. Bu günədək həmin təlimlərə müxtəlif əhali qruplarından 600-dən çox insanın cəlb olunduğu, layihə müddətində respublikanın bütün regionlarından ümumilikdə 7000-dən çox vətəndaşın iştirakının təmin olunacağı bildirilib.
Mütəxəssislər daha sonra əhalinin gündəlik həyatda qarşılaşdıqları maliyyə problemləri ilə bağlı sualları cavablandırıblar.