Gəncədə “Talassemiyasız həyat naminə” regional simpozium və tibbi müayinələr keçirilib
Aprelin 27-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Talassemiyasız həyat naminə” 7-ci regional elmi simpozium keçirilib.
Simpoziumda çıxış edən Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov bildirib ki, bu günədək 6 bölgədə - Mingəçevir, Qax, Şirvan, Lənkəran, Quba və Bərdədə regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil edilib. Layihə müddətində götürülmüş qan nümunələri Talassemiya Mərkəzində müayinələrdən keçirilib və nəticədə 23 nəfərdə talassemiya daşıyıcılığı, 5 nəfərdə isə talassemiya xəstəliyinin olduğu müəyyən edilib.
Simpozium iştirakçılarına ölkədə səhiyyə sahəsində aparılan islahatlar, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 10 il əvvəl istifadəyə verilən Talassemiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verilib.
Bildirilib ki, sentyabr ayından etibarən Talassemiya Mərkəzində bölgələrdə talassemiyanın müalicəsi ilə məşğul olan mütəxəssislər üçün treninqlər təşkil olunacaq. Təlimin əsas məqsədi regionlarda xidmət göstərən həkimlərin nəzəri bilik və praktik səriştələrinin artırılmasına yönəlib.
Simpozium elmi sessiyalarda davam edib və müzakirələr aparılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Tədbir çərçivəsində Gəncə şəhərində talassemiya daşıyıcılığının müəyyən edilməsi məqsədilə ödənişsiz tibbi müayinələr də təşkil edilib. Qeyd edək ki, hazırda bu regiondan 184 nəfər talassemiyalı pasiyent qeydiyyatdadır.