150 +994505000150

“TOM” (Tikkun Olam Makers) layihəsinin növbəti mərhələsi olan “Pre -TOM” tədbiri həyata keçirilib

13 aprel 2019
Paylaş
“TOM” (Tikkun Olam Makers) layihəsinin növbəti mərhələsi olan “Pre -TOM” tədbiri həyata keçirilib

Aprelin 13-də İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi, gündəlik problemlərin texnoloji həlli yollarını tapmaq məqsədilə istehsalçıları, dizaynerləri və mühəndisləri sağlamlıq imkanları məhdud insanlarla birləşdirən qlobal icma hərəkatı olan “TOM” (Tikkun Olam Makers) layihəsinin növbəti mərhələsi - “Pre-TOM” tədbiri təşkil edilib.

Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemlərinin həlli üçün ixtiraçılar (“makers”) ilə ehtiyac sahiblərini (“need knowers”) əlaqələndirmək idi. Layihənin tərəfdaşlarından olan “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də iştirak etdiyi tədbirə 50-dən çox mühəndis, dizayner və istehsalçı qatılıb.

Tədbir iştirakçılarını salamlayan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov layihənin cəmiyyət üçün əhəmiyyətindən danışıb və layihənin mühüm mərhələsinin başlandığını bildirib.

İsrailin Azərbaycan Respublikasındakı Missiya rəhbərinin müavini Avital Rozenberq layihəyə maraq göstərən hər kəsə öz təşəkkürünü bildirərək, komandalara uğurlar arzulayıb.

Sonra iştirakçılar komandalara bölünərək, 5 “TOM” tapşırığı (“çağırışı”) üzərində birlikdə çalışmağa başlayıblar. “SCHWATECH” MMC, “Sumaks” və SOCAR AQŞ əməkdaşları aparılan müzakirələrdə iştirak edib, texniki məqamlarla bağlı komandalarla öz fikirlərini bölüşüblər.

Komandalar təxminən 1 ay ərzində seçdikləri tapşırıqlar üzərində işləyərək ehtiyac sahiblərinə gündəlik həyatda kömək edəcək həll yollarını tapmalıdırlar. Bu müddət ərzində  komandalara “SCHWATECH” MMC tərəfindən mentorluq dəstəyi göstəriləcək, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi komandalara ideyalarını həyata keçirməkdə dəstək olacaqlar. Komandalar tərəfindən hazırlanan yekun məhsullar “TOM” tədbirində təqdim ediləcək və bütün ideyalar ictimaiyyətə açıq olacaq.

“Azercell Telekom” MMC, İsrail Səfirliyi və PAŞA Bankın baş sponsorluğu ilə həyata keçirilən layihənin tərəfdaşları sırasında “Regional İnkişaf” İctimai Birliyi (RİİB), JOY Uşaq İnkişaf Mərkəzi, SOCAR AQŞ, Bakı Mühəndislik Məktəbi və PAUL restoranlar şəbəkəsi yer alıb.

Layihə barədə ətraflı məlumat üçün TOM-un Azərbaycandakı və beynəlxalq veb saytından istifadə edə bilərsiniz:

 

http://tombaku.barama.az/

http://tomglobal.org/

Facebook TOM: Tikkun Olam Makers Baku

 

FOTO