150 +994505000150

Göyçayda 3 innovativ layihə “İdeyasını Biznesə” çevirmək şansı qazanıb

5 aprel 2019
Paylaş
Göyçayda 3 innovativ layihə “İdeyasını Biznesə” çevirmək şansı qazanıb

Aprelin 5-də "İdeyadan Biznesə" layihəsi çərçivəsində Göyçay şəhərində ilk startap turu təşkil olunub.

Startap turunda Göyçayla yanaşı, Ucar, Yevlax, Ağdaş və  Ağcabədi rayonlarından olan 100-dək gənc iştirak edib.

Tədbir iştirakçılarına məlumat verilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətlərinin birgə reallaşdırdığı “İdeyadan Biznesə” layihəsinin məqsədi ölkədə startap hərəkatının genişlənməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir.

Bildirilib ki, layihə çərçivəsində keçirilən startap turlarının əhatə etdiyi hər bir region üzrə 3 innovativ layihə qalib seçilir.        

Regiondan seçilən qaliblər respublika üzrə təşkil olunan Milli Finalda iştirak hüququ qazanır. Milli Finalın qalibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi də əldə edirlər.

            İştirakçıların diqqətinə çatdırılıb ki, startap turları Göyçaydan sonra Tovuz, Bakı, Lənkəran, Zaqatala, Naxçıvan,  Şamaxı və Şəkini əhatə edəcək.

Tədbirin informativ hissəsindən sonra iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən kiçik biznes-treninq keçirilib. 

Daha sonra ideyası olan iştirakçılardan ibarət 5  komanda formalaşdırılıb. Mentorlar komandaları əsas müsabiqəyə hazırlayıb. 

İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Hər çıxışdan sonra interaktiv sual-cavab və layihənin müzakirəsi aparılıb. Bu mərhələnin sonunda münsiflər region üzrə  ilk 3 ən yaxşı ideyanı müəyyənləşdiriblər. 

Beləliklə, 1-ci yerə “Health belt” layihəsi, 2-ci yerə “Hərrac” 3-cü yerə “Animal Center of Goychay”  layiq görülüb. 

Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.

 

FOTO