150 +994505000150

Lənkəranda “Talassemiyasız həyat naminə” simpozium və ödənişsiz müayinələr təşkil olunub

16 fevral 2019
Paylaş
Lənkəranda “Talassemiyasız həyat naminə” simpozium və ödənişsiz müayinələr təşkil olunub

Fevralın 16-da Lənkəran şəhərində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” dördüncü regional elmi simpozium keçirilib.

Tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarının səhiyyə işçiləri, talassemiya daşıyıcısı olan ailələrdən nümayəndələr, həmçinin QHT və KİV-lərin təmsilçiləri, təhsil işçiləri iştirak ediblər.

Toplantıda çıxış edən Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov ölkəmizdə səhiyyə sahəsində əldə olunan nailiyyətlər haqqında danışaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 10 il əvvəl istifadəyə verilən Talassemiya Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, maddi-texniki bazanın gücləndirilməsi bu xəstəliyin müalicəsində və profilaktikasında mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, hazırda ölkəmizin cənub bölgəsinin Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar rayonlarından olan 233 nəfər xəstə Talassemiya Mərkəzində qeydiyyatdadır.

Tədbirdə, həmçinin Talassemiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə layihələri, respublikanın müxtəlif regionlarında keçirilən maarifləndirici tədbir və ödənişsiz tibbi müayinələr barədə məlumat verilib.

Simpozium çərçivəsində elmi sessiyalar təşkil olunub.

“Talassemiya: müasir yanaşma” mövzusunda keçirilən birinci sessiyada talassemiyanın müalicə və diaqnostikası, onun qarşısının alınması yolları, bu sahədə Mərkəzin təcrübələri barədə danışılıb.

“Talassemiya: diaqnostika və monitorinq” mövzusunda keçirilən ikinci sessiyada isə xəstəliyin laborator və prenatal diaqnozu, infeksion və kardiak ağırlaşmalar, həmçinin psixososial problemlərə dair məruzələr ətrafında müzakirələr aparılıb.

Simpoziumda Talassemiya Mərkəzinin aparıcı hematoloqlarının “Talassemiyanın radikal müalicəsində sümük iliyi transplantasiyası”, “Talassemiya daşıyıcılığı: talassemiyasız həyat naminə nə etməliyik”, “Talassemiya xəstəliyi zamanı kardioloji, endokrinoloji və infeksion fəsadlaşmalar” və digər mövzularda məruzələri dinlənilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Sonra Talassemiya Mərkəzinin mütəxəssisləri Lənkəran Mərkəzi Rayon Xəstəxanasında talassemiyalı xəstələrin müalicəsi üzrə kabinetlərin işi ilə tanış olublar. Xəstəxanada talassemiya daşıyıcılığını müəyyən etmək məqsədilə 300-dən çox sakinin ödənişsiz tibbi müayinələri təşkil olunub.

Qeyd edək ki, bütün regionları əhatə edəcək tədbirlərdən sonra sonuncu simpozium mayın 22-24-də Bakı şəhərində Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş “Birinci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi” çərçivəsində keçiriləcək.

 

FOTO