150 +994505000150

RİİB və Bakı Kitab Mərkəzi bölgələrdə yeni layihəyə başlayıb

28 noyabr 2018
Paylaş
RİİB və Bakı Kitab Mərkəzi bölgələrdə yeni layihəyə başlayıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar şabranlı məktəblilərin görüşünə gəlib.

 Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin “Könüllü oxu” adlanan birgə layihəsi çərçivəsində keçirilən görüş Şabran Mədəniyyət Mərkəzində təşkil olunub.

Yuxarı sinif şagirdlərinin cəlb olunduğu layihənin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin artırılması və sinifdən xaric oxunun səmərəli təşkilinə töhfə verməkdən ibarətdir.

Xalq yazıçısı Anar tədbir iştirakçılarını salamlayaraq, məktəblilərlə görüşün əhəmiyyətindən danışıb. AYB sədri Azərbaycanın bölgələrində ədəbiyyata böyük marağın olduğunu qeyd edib və görüşün təşkilatçılarına minnətdarlığını bildirib.

Sonra Xalq yazıçısı şagirdlərin ədəbiyyatla bağlı müxtəlif suallarını cavablandırıb.

Şagirdlərin böyük marağına səbəb olan görüşdə yazıçının “Ağ qoç, qara qoç” romanı müzakirə olunub.

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Anarın “Ağ qoç, qara qoç” əsəri son illərdə nəşr olunan romanlar arasında əhəmiyyətli yerlərdən birini tutur. İctimai-siyasi mövzuda qələmə alınan, iki hissədən ibarət olan əsər “utopik və antiutopik nağıllar” adlandırılıb.

Görüşdə Anara ünvanlanan maraqlı sualların müəlliflərinə təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.

Xalq yazıçısı müəllifi olduğu kitabları imzalayaraq məktəblilərə hədiyyə edib.

Şabranda keçirilən tədbir layihə çərçivəsində bölgələrdə təşkil olunan ilk belə görüşdür. Layihənin respublikanın digər regionlarında da həyata keçirilməsi nəzərdə tutulub.

 

FOTO