150 +994505000150

Mingəçevirdə “Talassemiyasız həyat naminə” ilk regional simpozium və ödənişsiz müayinələr təşkil olunub

27 oktyabr 2018
Paylaş
Mingəçevirdə “Talassemiyasız həyat naminə” ilk regional simpozium və ödənişsiz müayinələr təşkil olunub

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə regionlarda “Talassemiyasız həyat naminə” şüarı altında layihələr reallaşdırılır.

Layihə çərçivəsində əhalinin maarifləndirilməsi və müvafiq sahədə çalışan tibb heyətinin bilik və təcrübələrinin artırılması məqsədilə həkimlərin, QHT nümayəndələrinin, təhsil işçilərinin, talassemiyalı pasiyentlərin və onların valideynlərinin iştirakı ilə regional simpoziumlar keçirilir, eləcə də talassemiya daşıyıcılığını müəyyən etmək üçün vətəndaşların ödənişsiz tibbi müayinələri təşkil olunur.

Bu məqsədlə oktyabrın 27-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Talassemiyasız həyat naminə” 1-ci regional simpozium keçirilib.

Simpoziumda Talassemiya Mərkəzinin nümayəndələri müxtəlif məruzə və təqdimatlarla çıxış ediblər.

Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov çıxış edərək, ölkəmizdə səhiyyə sahəsində əldə olunan nailiyyətlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər yeni nailiyyətlərə yol açıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzində görülən işlər, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi sahəsindəki tədbirlər bu xəstəliyə düçar olanların müalicəsində və profilaktikasında mühüm rol oynamaqda, xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstək olmaqdadır.

Talassemiya Mərkəzi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə layihələr həyata keçirdiyini deyən Valeh Hüseynov respublikanın müxtəlif regionlarında simpoziumların, maarifləndirici tədbirlərin, ödənişsiz tibbi müayinələrin təşkil ediləcəyini, müayinələrin nəticələrindən asılı olaraq müvafiq müalicələrin təyin olunacağını bildirib.

Mingəçevir və Yevlax şəhərlərində, Ağdaş, Göyçay, Ucar, Zərdab və Ağsu rayonlarında fəaliyyət göstərən tibb müəssisələrində çalışan 150-dən çox səhiyyə işçisinin də iştirak etdiyi simpozium daha sonra elmi sessiyalarda davam edib.

“Talassemiya: müasir yanaşma” mövzusundakı sessiyada talassemiyanın müalicə və diaqnostikası, qarşısının alınması yolları, bu sahədə Mərkəzin təcrübələri barədə məlumat verilib, müzakirələr aparılıb.

Talassemiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, dosent Ramin Bayramlının sədrliyi ilə keçən “Talassemiya: diaqnostika və monitorinq” adlı sessiyada xəstəliyin laborator və prenatal diaqnozu, infeksion və kardiak ağırlaşmalar, həmçinin psixososial problemlərə dair məruzələr ətrafında müzakirələr edilib.

Simpoziumda Talassemiya Mərkəzinin aparıcı hematoloqlarının “Talassemiya və irsi hemoqlobinopatiyalara dair statistik məlumatlar”, “Talassemiya daşıyıcılığı: talassemiyasız həyat naminə nə etməliyik”, “Talassemiya Mərkəzində sümük iliyi transplantasiyasına dair təcrübələr” və digər mövzularda məruzələri dinlənilib, suallar cavablandırılıb.

Eyni zamanda, talassemiyalı xəstələrin müalicə aldığı region xəstəxanalarına baxış keçirilib, yerli tibb işçiləri ilə təcrübə mübadiləsi aparılıb.

Simpozium çərçivəsində, həmçinin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında talassemiya daşıyıcılığını müəyyən etmək məqsədilə ödənişsiz tibbi müayinələr də təşkil olunub. Müayinələr Mingəçevir şəhəri və ətraf rayonlardan olan 300-dən çox sakini əhatə edib.

 

FOTO