“İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə ilk innovasiya düşərgəsi təşkil olunub
“İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəki şəhərində 28-30 sentyabr tarixlərində yerli və xarici texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin, investor və startapçıların iştirakı ilə “İnnoCamp” adı altında innovasiya düşərgəsi təşkil olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkəti ilə birgə həyata keçirdiyi innovativ düşərgə Şəki şəhəri “Marxal” otelində 3 gün davam edib.
Əsas məqsəd yerli və xarici texnoparkların, eləcə də innovasiya mərkəzlərinin mütəxəssislərinə təlimlər keçərək yeni biliklər aşılamaq, qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaqla startap ekosisteminin inkişafına dəstək verməkdir.
“İnnoCamp”ın ilk iş günündə Şəki şəhəri üzrə startap turu da keçirilib.
Tədbirdə "AIESEC-in Azerbaijan"nın nümayəndələri tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.
Peşəkar mentorlar tərəfindən ideyası olan iştirakçılardan ibarət 7 komanda formalaşdırılıb və onlar müsabiqəyə hazırlanıb və layihələrin biznes sxemləri tərtib edilib.
Daha sonra komandalar öz layihələrini münsiflər heyəti qarşısında təqdim ediblər. Layihələr münsiflər tərəfindən “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriyaları üzrə qiymətləndirilib.
Müsabiqədə I, II və III yerlərin sahibləri müvafiq olaraq “Şəhər tur”, “Walking business”, “shekide.com” layihələri olub. Tədbirin yekununda qaliblər mükafatlandırılıb və Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıblar.
Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri isə təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə edəcəklər.
29-30 sentyabr tarixlərində isə “İnnoCamp” düşərgəsi öz işini yerli və xarici texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin, investor və startapçıların təqdimat, çıxış və müzakirələri ilə davam etdirib.
Düşərgədə Vyetnam, Qazaxıstan, Gürcüstan, Maldiv adaları və digər ölkələrdən mütəxəssislər iştirak edib.
“Microsoft” şirkətinin MDB ölkələri üzrə təhsilin inkişafı missiyasının rəhbəri Nurlan Zanibək geniş təqdimatla çıxış edərək bildirib ki, Azərbaycan innovasiyalarının inkişafı üçün münbit şərait yaradılıb. Onun sözlərinə görə, Azərbaycanın əhalinin sayına görə belə layihələrin miqyasını daha da genişləndirmək imkanı var. N.Zanibək bu sahədə yol xəritəsinin hazırlanması üçün dəstək göstərə biləcəklərini qeyd edib. Eyni zamanda o, təmsil etdiyi şirkət tərəfindən 76 ölkədə keçirilən ideya yarışlarında (“Hackathon”) azərbaycanlı startapçıları da iştiraka dəvət edib.
“Microsoft-Azərbaycan”ın rəhbəri Sərxan Həşimov bildirib ki, “Microsoft” tərəfindən beynəlxalq səviyyədə təşkil olunan “Imagine Cup” beynəlxalq innovasiya müsabiqəsi “İdeyadan Biznesə” layihəsi çərçivəsində dəstəklənəcək.
Düşərgə iştirakçılarına “Startapların maliyyələşdirilməsi”, “Gələcəyin peşələrinin seçilməsi”, “Blockchain texnologiyası”nın təqdimatı, “Dron texnologiyası üzrə son yeniliklər”, “Əşyalar interneti”, “Elektron ticarət – evdən çıxmadan satış yolları” ilə bağlı təqdimatlar keçirilib.
İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov innovasiya düşərgəsində çıxışı zamanı bildirib ki, “İdeyadan Biznesə” layihəsinin əhatə dairəsi daha da genişləndirilib. O qeyd edib ki, artıq bir neçə müddətdir ki, innovasiya ekosisteminin inkişaf etdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əlaqələndiricisi olduğu İKT sahəsində İnvestorlar Klubu yaradılıb. “İnnoİnvest” İnvestorlar Klubu sayəsində investorlar perspektivli İKT layihələrinə sərmayə yatırmaqla yüksək gəlir əldə etmək, innovativ layihələrdə bir neçə investorla bir araya gələrək ortaq fond yaratmaq, habelə, dövlətdən dəstək almaq kimi imkanlar əldə edə biləcəklər. Perspektivli startap layihələri isə investorlarla birbaşa görüşmək, startaplar üçün daha sərfəli şərtlərlə investisiya əldə etmək imkanı qazanacaqlar. Artıq klubun fəaliyyətinin bir istiqaməti kimi “crowdfunding” maliyyələşmə forması “İdeyadan Biznesə” layihəsinin saytında xüsusi bölmədə - “http://i2b.az/az/innoinvest” yaradılıb.
R.Əziziov vurğulayıb ki, klubun üzvləri qismində şirkətlər, uğurlu sahibkarlar, startaplara investisiya yatıran fərdi sahibkarlar (biznes mələkləri), klub vasitəsilə uğur əldə etmiş startapçılar çıxış edə bilər.
O, artıq bir sıra uğurlu startapların bu platformaya qoşulduğunu qeyd edib.
Sonda düşərgənin fəal iştirakçıları sertifikatlarla təltif edilib və Şəki şəhərinin tarixi yerlərinə ekskursiya təşkil olunub.
Düşərgənin gələcəkdə ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur.