150 +994505000150

Şamaxının Göylər kəndində yeni tibb məntəqəsi istifadəyə verilib

21 sentyabr 2018
Paylaş
Şamaxının Göylər kəndində yeni tibb məntəqəsi istifadəyə verilib

Sentyabrın 21-də Şamaxı rayonunun Göylər kəndində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü və Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə inşa edilən tibb məntəqəsi açılıb.

Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək tibb müəssisəsinin istifadəyə verilməsinin kənd həyatı üçün önəmli hadisə olduğunu vurğulayıb. İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə Azərbaycanın bütün regionlarında, o cümlədən Şamaxıda həyata keçirilən sosial layihələrdən danışıb.

Bildirilib ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu günədək rayonda təhsil, səhiyyə və digər sahələr üzrə müxtəlif layihələr reallaşdırılıb. Göylər kəndində istifadəyə verilən tibb məntəqəsi də növbəti uğurlu layihələrdəndir. Yeni səhiyyə ocağı 15 min nəfərdən çox sakinə xidmət göstərəcək.

Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinə və qarşılıqlı etimada əsaslanan əlaqələrdən danışan səfir Teruyuki Katori “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycanın ayrı-ayrı bölgələrində səhiyyə, təhsil, ekologiya, sosial, infrastruktur və digər sahələrdə çoxsaylı layihələrin reallaşdırıldığını, bu istiqamətdə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib. Səfir təkcə Şamaxıda 6 layihənin həyata keçirildiyini söyləyib. “Ümid edirəm ki, bu tibb ocağı uzun illər Göylər və qonşu kəndlərin sakinlərinə səhiyyə xidmətləri göstərəcək və insanlar layihədən faydalanacaqlar”, - deyən Teruyuki Katori “Regional İnkişaf” İctimai Birliyi tərəfindən işlərin nəzərdə tutulmuş müddətdən tez və keyfiyyətlə icrasından məmnun qaldığını bildirib.

“Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan kompleks tədbirlərin uğurla icrası nəticəsində insanların rifahının daha da yaxşılaşdığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişdiyini vurğulayıb. Qeyd olunub ki, Göylər kəndində yeni tibb məntəqəsinin açılması da regionların sosial-iqtisadi inkişafına yönəlmiş layihələrdəndir.

Bildirilib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fəaliyyətə başladığı dövrdən regionların sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə dövlət qurumları, beynəlxalq təşkilatlar, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri ilə yaxından əməkdaşlıq edərək, müxtəlif layihələr və tədbirlər həyata keçirir.

Kənd sakinləri həyata keçirilən layihələrin regionların inkişafı baxımından əhəmiyyətindən danışaraq, Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra qonaqlar tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, istifadəyə verilən tibb məntəqəsində stomatologiya, ginekologiya, terapiya və pediatriya şöbələri fəaliyyət göstərəcək.

 

FOTO