Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi yaradılıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) təsis edilib. Martın 2-də İsmayıllı rayonunda İctimai Birliyin ilk iclası keçirilib.
Başlıca məqsədi
ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti
quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o
cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən
tədbirlərə geniş dəstək göstərmək olan “Regional İnkişaf” İctimai Birliyi, eyni
zamanda vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı
dialoqun qurulması, ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində
fəaliyyət göstərəcək.
“Regional İnkişaf”
İctimai Birliyinin ilk iclasında çıxış edən Heydər Əliyev Fondunun icraçı
direktoru Anar Ələkbərov bildirib ki, ötən müddət ərzində Fond tərəfindən
“Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat
məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı”
proqramları çərçivəsində paytaxt və regionlarda orta məktəb, məktəbəqədər
təhsil müəssisələri inşa və əsaslı təmir edilib, əhalinin səhiyyə
problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması
istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev Fondunun öz fəaliyyətində
xalqa və vətənə xidmət yolunu əsas seçdiyini deyən Anar Ələkbərov qeyd edib ki,
Fond Azərbaycanda bütün sahələrin inkişafı istiqamətində layihələr həyata
keçirir, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, Dağlıq Qarabağ münaqişəsi,
Azərbaycan həqiqətlərinin dünyada tanıdılması üzrə müxtəlif proqram və
layihələr, o cümlədən “Xocalıya ədalət” beynəlxalq kampaniyasını reallaşdırır.
2012-2015-ci illər
ərzində Heydər Əliyev Fondu tərəfindən xaricdə Azərbaycanın təbliği ilə bağlı
250-dən çox tədbirin keçirildiyini diqqətə çatdıran Anar Ələkbərov bildirib ki,
qarşıdakı illər ərzində Fondun fəaliyyətində əsas istiqamət regionlarda
müxtəlif layihələrin icrasına yönələcək. “2016-2017-ci illərdə biz regionlarda
işlərimizin genişlənməsini prioritet elan etmişik.
Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən
“Regional İnkişaf” İctimai Birliyi təsis olunub. İctimai Birliyin əsas fəaliyyəti
ictimai nəzarətin gücləndirilməsi, Heydər Əliyev Fondunun beynəlxalq
layihələrinin Azərbaycan çərçivəsində tətbiq olunması, gənclərlə iş sahəsinə
yönələcəkdir. Fondun prezidenti Mehriban Əliyeva tərəfindən qarşımızda qoyulan
ən vacib məsələ dövlət strukturları ilə əhalinin əməkdaşlığının qurulmasından
ibarətdir”,-deyə Anar Ələkbərov bildirib.
Toplantıda qeyd
olunub ki, İctimai Birliyin fəaliyyəti çərçivəsində ölkənin müxtəlif
regionlarına səfərlər ediləcək, daxil olan təkliflərin təhlili aparılacaq. Təşkilat
tərəfindən fərdi maraqlar baxımından deyil, kollegial müraciətlərə baxılacağı
diqqətə çatdırılıb.
Daha sonra çıxış
edən “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev təşkilatın
əsas vəzifələri barədə məlumat verib. Bildirib ki, RİİB regionlarda əhalinin
elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət,
incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin
öyrənilməsi və onların həlli, vətəndaşların qanunvericilik aktları ilə müəyyən
edilmiş hüquqlarının qorunması istiqamətində tədbirlər həyata keçirəcək.
RİİB eyni zamanda
regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə
də sağlamlıq imkanları məhdud olan gənclərin dünya görüşlərinin və praktiki
biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək
prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə imkanlar yaradılması, təhsil
almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin
edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirməyi, əhalinin həyat
səviyyəsinin öyrənilməsi, təhlili, eləcə də əhalinin həyat səviyyəsinin
yüksəldilməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsini
qarşıya məqsəd qoyub.
Regionlarda
sahibkarlığın və turizmin inkişafına xidmət edən proqramların, eləcə də
məşğulluq proqramlarının hazırlanması və icrasını həyata keçirəcək İctimai
Birlik bölgələrdə güclü insan kapitalının formalaşdırılması və inkişaf
etdirilməsi istiqamətində layihələr reallaşdıracaq. RİİB-in layihələri, həmçinin
gənclərin milli-mənəvi dəyərlərə, ənənələrə, tarixi keçmişinə bağlı ruhda
böyüməsi, eləcə də ölkəmiz və dünya mədəniyyəti haqqında bilik və
məlumatlarının artırılması istiqamətinə yönələcək.
Birliyin müxtəlif
regional mərkəzləri respublikanın şəhər və rayonlarında təşkilatın qarşıya
qoyduğu vəzifələrdən irəli gələrək ayrı-ayrı sahələr üzrə təhlillər aparacaq,
əhali ilə sıx münasibətlərin qurulması, mövcud problemlərin aşkarlanması,
müxtəlif sahələr üzrə birbaşa məlumatların əldə edilməsi məqsədi ilə
vətəndaşlarla yerlərdə görüşlər keçirəcək, fəaliyyət istiqamətinə uyğun olaraq
işlər aparacaq.
RİİB-in İsmayıllı
rayonunda keçirilən ilk iclasında çıxış edən millət vəkili, Milli Məclisin
Gənclər və idman komitəsinin sədri Fuad Muradov bugünədək Heydər Əliyev
Fondunun bütün təşəbbüs və layihələrinin uğurla həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, “Regional İnkişaf” İctimai Birliyinin yaradılması da
insanların həyatında mühüm rol oynayacaq. Millət vəkili qeyd edib ki, Fondun
layihələri respublikanın hər bir yerini əhatə edib və bu layihələr vətəndaşlar
tərəfindən də dəstəklənir. Yeni yaradılan birlik də ictimai nəzarət baxımından
mühüm əhəmiyyət kəsb edir. “Bu məsələyə dövlət başçısı da xüsusi diqqətlə
yanaşır. Azərbaycan Prezidenti son çıxışlarında bunu açıq bildirdi ki, artıq
biz tamamilə başqa dövrə keçirik. Bu dövrdə insanların məşğulluğu, yerli
iqtisadiyyatın qaldırılması və təbii ki, ictimai nəzarətin güclü olması çox
vacibdir. Ona görə, “Regional İnkişaf” İctimai Birliyinin yaranması hər birimiz
üçün müsbət haldır”,- deyə Fuad Muradov bildirib.
Tədbirdə çıxış
edən rayon ağsaqqaları və gənclər Heydər Əliyev Fondunun bugünədək İsmayıllıda
müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən, o cümlədən Fondun prezidenti
Mehriban Əliyevanın təşəbbüsü ilə Basqal kələğayısının, Lahıcda geniş yayılan
misgərlik sənətinin UNESCO-nin qeyri-maddi mədəni irs üzrə Reprezentativ
siyahısına daxil edilməsindən danışıblar. Yeni birliyin yaradılmasını
təqdirəlayiq hesab edən rayon sakinləri təşkilatın fəaliyyətinə hər cür dəstək
göstərəcəklərini bildiriblər. Diskussiya formasında keçən tədbirdə rayonda
turizmin inkişafı, istedadlı gənclərə dəstək və bununla bağlı təlim mərkəzinin
yaradılması, yeni iş yerlərinin açılması, sosial, kənd təsərrüfatı, təhsil
sahələrinə, həmçinin gənc sahibkarlara dəstək və digər məsələlərdə Birliyin
rolu barədə müzakirələr aparılıb.
Tədbirdən sonra
Heydər Əliyev Fondunun nümayədələri İsmayıllı rayonun kəndlərində olublar,
sakinlərin problemləri ilə maraqlanaraq onların təkliflərini dinləyiblər.
Sakinlər “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasından məmnunluqlarını
ifadə ediblər, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bu
təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər.
Diqqətə çatdırılıb
ki, əhali ilə ünsiyyətin genişləndirilməsi və qarşıya qoyulan vəzifələrin
reallaşması üçün İctimai Birliyin yaxın vaxtlarda “Qaynar xətt”i və “WhatsApp”
mesaj xidməti istifadəyə veriləcək. Təşkilata daxil olan yazılı müraciətlər,
“Qaynar xətt” telefon xidmətinə və “WhatsApp” mesajlarla göndərilən
müraciətlər, foto və videomateriallar təhlil ediləcək, qurumun fəaliyyət
sahələrinə və vəzifələrinə uyğun olaraq baxılacaqdır.