150 +994505000150

Heydər Əliyev Fondu RİİB könüllüləri ilə görüş keçirib

02 may 2017
Paylaş
Heydər Əliyev Fondu RİİB könüllüləri ilə görüş keçirib

Heydər Əliyev Fondunun təsis etdiyi Regional İnkişaf İctimai Birliyinin (RİİB) könülləri ilə görüş keçirilib. Müxtəlif regionları əhatə edən könüllülərlə görüşdə çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov RİİB-in fəaliyyətində, o cümlədən bölgələrdə ictimai nəzarətin həyata keçirilməsi, əhalinin ayrı-ayrı sahələrdəki problemlərinin öyrənilməsi, onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində həlində, müxtəlif istiqamətləri əhatə edən layihələrin icrasında könüllülərin mühüm rol oynadığını bildirib.

 

Anar Ələkbərov RİİB-in dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini deyərək, könüllüləri yaşadığı rayon və ya kənd üçün vacib məsələlərin həllində bundan sonra da fəal iştiraka çağırıb.

 

Qeyd olunub ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas məqsədi Azərbaycan vətəndaşlarına xidmət göstərməkdir. Bu işdə vətəndaşların, o cümlədən gənclərin Fondun lahiyələrində fəallığının vacibliyi vurğulanıb.  “RİİB könüllüləri bizimlə bir komandadır və qısa müddətdə böyük nailiyyətlər əldə etmişik. RİİB-in fəaliyyəti nəticəsində regionlardan daxil olan yüzlərlə müraciətlərə baxılıb, qaldırılan məsələlərin həlinə nail olunub, sosial yönümlü layihələr həyata keçirilib”, - deyə Anar Ələkbərov bildirib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Bakı Marafonunun bu il bölgələri də əhatə etdiyini bildirən Anar Ələkbərov həmrəylik, idmanın inkişafına xidmət edən layihənin müxtəlif regionlardan olan iştirakçılar tərəfindən dəstəkləndiyini, onların da bu yarışda fəal iştirak etdiyini deyib.

 

Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov qeyd edib ki,   RİİB yeni təşkilat olmasına baxmayaraq, böyük uğurlar əldə edib və könüllülərin fəaliyyəti qarşıya qoyulan vəzifələrin icrasına təkan verir.

 

Daha sonra RİİB-in fəaliyyətində aktiv iştirak etdiyinə görə fərqlənən 23 könüllüyə təşəkkürnamə təqdim olunub. Bildirilib ki, könüllülərlə bundan sonra da mütəmadi görüşlərin keçirilməsi, onların irəli sürdüyü təkliflər, fikirlər ətrafında müzakirələr aparılması nəzərdə tutulub. 

 

Qeyd edək ki, Regional İnkişaf İctimai Birliyinin əsas məqsədi ölkənin sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə görülən tədbirlərə geniş dəstək göstərmək, ictimai fəallıq və ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlər həyata keçirməkdir.