RİİB ikinci “Könüllülük Proqramı” çərçivəsində “Sosial məsuliyyət” ayına start verib
“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) ikinci “Könüllülük Proqramı” çərçivəsində “Sosial məsuliyyət” ayına start verilib.
“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) ikinci “Könüllülük Proqramı” çərçivəsində “Sosial məsuliyyət” ayına start verilib. Bu məqsədlə cari ilin 24-25 fevral tarixlərində RİİB-in regional mərkəzlərində könüllülər üçün “Sosial məsələlərin həllində könüllülərin rolu” mövzusunda təlimlər təşkil olunub. Eyni zamanda könüllülərin təklifləri nəzərə alınmaqla həyata keçiriləcək müxtəlif aksiya və tədbirlər müəyyən edilib.
“Sosial məsuliyyət” ayının hər həftəsi şərti olaraq “Ətraf mühitin qorunması”, “Həssas qruplarla iş”, “Mədəni irsin qorunması və təbliği”, “Sağlam həyat tərzinin aşılanması” istiqamətləri üzrə bölünüb. Hər həftənin mövzusuna uyğun olaraq könüllülər tərəfindən regionlarda müxtəlif aksiya və tədbirlər keçiriləcək.
Xatırladaq ki, RİİB-in “Könüllülük proqram”larının məqsədi vətəndaşları regionların sosial hayatında daha fəal iştiraka cəlb etmək, gənclərin bilik və bacarıqlarının artırılmasına, onların fərdi inkişafına, regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək vermək, ictimai nəzarətin həyata keçirilməsində könüllülərin aktiv iştirakını təmin etməkdir.
Fevral-aprel aylarını əhatə edəcək ikinci “Könüllülük Proqramı”nda RİİB-in 350-dən çox könüllüsü iştirak edir.