Qərbi Azərbaycan İcmasında könüllülər üçün sessiya təşkil olunub
Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə aprelin 18-də Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında könüllülərin fəaliyyətinin təşviq edilməsi məqsədilə məlumatlandırma sessiyası keçirilib.
Qərbi Azərbaycan İcmasının inzibati binasında təşkil edilən tədbirdə dövlət qurumlarının nümayəndələri, könüllü təşkilatlarının rəhbərləri və 100-dən çox könüllü iştirak edib.
Tədbiri giriş sözü ilə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli açaraq Qərbi Azərbaycanda soydaşlarımızın başına gələn müsibətlərdən danışıb, onların öz ata-baba yurdlarına geri qayıtması hüququndan bəhs edib. Bildirib ki, bu gün bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması böyük əhəmiyyət daşıyır və gənclərin bu istiqamətdə fəaliyyətlərini intensivləşdirmələri zəruri haldır.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında qeyd edib ki, gənclərin azərbaycanlıların öz yurd - yuvasına geri qayıtması uğrunda apardığı bu haqq mübarizəsində daha yaxından iştirak etməsi çox böyük önəm daşıyır. Azərbaycan gəncliyi istər ölkə daxilində, istərsə də xaricdə bu mübarizəyə dəstək verəcək kifayət qədər gücə və əzmə malikdir.
Sonra Gənclər Fondunun, "Regional İnkişaf" İctimai Birliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndələri çıxış edərək bildiriblər ki, Qərbi Azərbaycan bu gün hər bir azərbaycanlının milli məsələsidir və gənclər bu məsələdə fəallıq göstərməlidir.
Daha sonra Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədovun təqdimatı olub.
Sonda Qərbi Azərbaycandan olan könüllülər çıxış edərək yaxınlarının və özlərinin bu deportasiyalar və soyqırımıları nəticəsində yaşadıqları ağrı-acılardan bəhs edib, Qərbi Azərbaycanlılar və onların yaşadıqları, eləcə də geri qayıdış hüquqları ilə bağlı gənclərin daha da fəal iştirak edəcəyini bildiriblər.