150 +994505000150

RİİB könüllüləri bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi çərçivəsində maarifləndirmə tədbirlərinə dəstək olublar

24 avqust 2022
Paylaş
RİİB könüllüləri bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi çərçivəsində maarifləndirmə tədbirlərinə dəstək olublar

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin artıq 4-cü ildir birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir.

Nərimanov rayonunda icrasına başlanan layihəyə daha sonra Nizami, Nəsimi və Yasamal rayonları da qoşulmuşdu. Əldə edilən müsbət nəticələr paytaxtın digər rayonlarında da yeniliklərin tətbiqinə imkan yaradıb. Belə ki, cari ilin sentyabr ayından Bakının daha 2 rayonunda layihənin icrasına başlanması nəzərdə tutulur.

Layihəyə qoşulacaq 300 min nəfərdən çox əhalisi olan Xətai rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 498 ədəd konteyner meydançası yaradılıb. Meydançalara yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılır və əraziyə cavabdeh şəxslər təyin olunur.

Sakinlərin maarifləndirməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Xətai rayonunun bütün məhəllə və həyətlərində görüşlərin keçirilməsinə başlanılıb. Bu işlərə Bakı Şəhər və Xətai Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar.  


FOTO