RİİB könüllülərinin təqdimatında regionlarda müxtəlif mədəniyyət tədbirləri keçirilib
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi könüllülük proqramı çərçivəsində regionlarda müxtəlif mədəniyyət tədbirləri təşkil edib.
2017-ci ilin 6-12 noyabr tarixlərində “Regionu tanı” həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə regional nümayəndələr və könüllülər mədəniyyətin müxtəlif sahələrinə (incəsənət, mətbəx sənəti, folklor, musiqi, rəngkarlıq, mədəniyyət abidələri, incəsənət və s.) dair təqdimatlarla çıxış etmişlər.
Mənsub olduqları bölgəyə xas mədəniyyət nümunələri barədə digər regionlardan olan könüllülərin məlumatlandırılmasına xidmət edən həmin tədbirlərdə həmçinin, milli-mənəvi dəyərlərin, mədəniyyət nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsində dövlətin həyata keçirdiyi işlərdən, gənclərin bu sahədəki rolundan danışılmış, gənclər müxtəlif təkliflər səsləndirmişlər.
Qeyd edək ki, bu cür tədbirlərinin keçirilməsində məqsəd könüllülərin fəallığını artırmaq, onlar arasında komanda işinin inkişafını və şəbəkələşməni sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir.
Könüllülük proqramı çərçivəsində növbəti həftələrdə regionlarda sosial, mədəniyyət, incəsənət, turizm və digər istiqamətlərdə də müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.