RİİB könüllüləri Topxana meşəsində ağac əkdi
İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Topxana meşəsini də əhatə edir. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində də ağacəkmə aksiyası keçirilib.
Topxana meşəsi Şuşanın qədim
tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20
faizini əhatə edən bu meşə vaxtilə təbiət möcüzəsini xatırladırdı. Burada yaşı
bilinməyən müxtəlif növ ağaclar vardı.
Lakin ermənilər işğal dövründə təbii sərvətlərimizi də talayıb, meşələrimizi qırıblar. 1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində 30 ilə yaxın işğal müddətində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib. Bu gün qədim Şuşanın Topxana meşəsini də əhatə edən ağacəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyrüc, saqqızağacı, qarağac əkildi, əraziyə 100 kiloqram palıd toxumu səpilib.