150 +994505000150

RİİB-in əməkdaşları və könüllüləri üçün "Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı" keçirilib

4 oktyabr 2021
Paylaş
RİİB-in əməkdaşları və könüllüləri üçün "Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı" keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı, "Regional İnkişaf" İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən "Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı" başa çatıb.

RİİB-in könüllülərlə iş sahəsində çalışan əməkdaşlarının və kurator könüllülərinin sözügedən sahədə bilik və bacarıqlarının möhkəmləndirilməsi, peşəkarlıqlarının artırılması, eləcə də müvafiq sertifikasiyadan keçirilməsi məqsədilə keçirilən proqram çərçivəsində 34 əməkdaş və 4 təlimçinin iştirakı ilə müxtəlif istiqamətli təlim sessiyaları təşkil edilib.
Proqramın sonuncu günündə iştirakçıların əldə etdikləri biliklərin yoxlanılması və sertifikasiyanın həyata keçirilməsi məqsədilə imtahan prosesi baş tutub. Yekun nəticələrə uyğun olaraq iştirakçılar könüllülərlə iş sahəsində nəzəri və praktiki biliklərini təsdiq edən dərəcə və iştirak sertifikatları ilə təltif olunublar.
Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və "Regional İnkişaf" İctimai Birliyinin Bakı regional bölməsinin rəhbəri Elvin Aslanov çıxış edərək ölkəmizdə sürətlə inkişaf etməkdə olan könüllülük hərəkatının fonunda, könüllülərlə iş sahəsində çalışan əməkdaşların da fərdi və peşəkar inkişafı istiqamətində mütəmadi layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb, bu proqramın olduqca uğurlu təşəbbüs olduğunu qeyd ediblər.
Xatırladaq ki, "Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı" ilk dəfə cari ilin 30 iyul – 1 avqust tarixlərində AKTİ-yə üzv olan könüllü təşkilatlarının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin könüllülər üzrə məsul şəxslərinin iştirakı ilə keçirilmişdir. Proqramın növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.