RİİB könüllüləri paytaxtın təmizliyi və ətraf mühitin qorunmasına yönəlmiş sosial aksiyada iştirak ediblər
Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrasına paytaxtın Nərimanov rayonundan sonra Nizami rayonunda start verilib.
İlk növbədə Nizami rayonu ərazisində 380 ədəd
konteyner meydançası yaradılaraq yaşıl və narıncı rənglərdə yeni və müasir
konteynerlər quraşdırılıb. Əraziyə cavabdehlər təyin olunub.
Layihənin vacib istiqamətlərindən olan vətəndaşların
maarifləndirilməsi işlərinə Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətlərinin rəhbər
işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər
cəlb edilib.
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf”
İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən
İcitmai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.
Bu məqsədlə müvafiq qurumların əməkdaşları və
könüllülər sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli
paketlər, izahedici bukletlər paylayır, məhəllərdə və binaların bloklarında
maarifləndirici posterlər yapışdırır, digər
təbliğat işləri həyata keçirirlər.
Məlumat üçün bildiririk ki, ətraf mühitin
qorunmasında vacib olan bu layihənin uğurla həyata keçirilməsi, paytaxt sakinlərinə
göstərilən kommunal xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə
dövlət büdcəsindən ayırılmış vəsait hesabına Bakı şəhər kommunat təsərrüfatı
xidmətləri üçün müasir tələblərə tam cavab verən yeni avtonəqliyyat vasitələrinin
və mexanizmlərin alınmasına başlanılıb. Artıq 57 ədəd belə texnika alınaraq
kommunal xidmətlərin istifadəsinə verilib.
Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcək.