150 +994505000150

RİİB-in dəstəyi ilə Gəncədə idman avtomobillərinin yarışı və şousu keçirilib

29 sentyabr 2019
Paylaş
RİİB-in dəstəyi ilə Gəncədə idman avtomobillərinin yarışı və şousu keçirilib

RİİB-in dəstəyi ilə Gəncədə idman avtomobillərinin yarışı və şousu keçirilib

Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “V1 Challenge Gəncə” - idman avtomobillərinin yarışı və şousu keçirilib. Heydər Əliyev Park Kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarış həyacan dolu anlar, maraqlı tryuklarla yadda qalıb.

“V1 Challange Gəncə” yarışında” “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edib.

Tədbirdə tanınmış pilotlar – “Drift GP International” promouteri Neyl Qan (Niall Gunn), drift üzrə Almaniya çempionu Sebastian Fonteyn (Sebastian Fontijn), “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards (Martin Richards), “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis (Antanas Kyguolis), eləcə də yerli drift və “Volkicar” pilotları çıxış ediblər.

Avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı, “Volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunub.
Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövsuzunda viktorina da keçirilib, fəal iştirakçılar mükafatlandırılıb.

Viktorina başa çatdıqdan sonra “Volkicar” avtomobillərinin yarışı keçirilib.

Drift yarışları üzrə pilotlar Elvin Xudaverdiyev birinci yerin, Adil Axundov ikinci, Fəxri Gülməmmədov isə üçüncü yerin qalibi olub.

V1 Challange yarışında isə pilotlar Fərid Məmmədov birinci, Azad Hüseynov ikinci, Mətin Orucov isə üçüncü yerə sahib olub.

Sonda qaliblərə kuboklar təqdim olunub.

1-ci yerin qalibi Fərid Məmmədov: Sevindirici haldır ki, ilk dəfə Gəncə şəhərində idman avtomobillərinin yarışı keçirilir. Bu cür yarışların keçirilməsi avtomobil idmanı mədəniyyətinin yüksəlməsi və yollarda avtoxuliqanlıq, eləcə də qəzaların sayının azalması üçün əhəmiyyətlidir. Tamaşaçıların alqışları göstərdi ki, Gəncədə də avtomobil idmanına böyük maraq var. Son dövrədə azarkeşlər öz alqışları ilə mənə böyük dəstək oldular və mən birinci oldum. Bizim yarışı böyük həyəcanla sonadək izlədiklərinə görə driftsevərlərə minnətdarlığımı bildirirəm.

2-ci yerin qalibi Azad Hüseynov: Sevdiyim idmanla məşğul olduğuma görə bu cür yarışlara böyük həvəslə qatılıram. Bütün yarışlarda olduğu kimi bu dəfə də çox həyəcanlı idim. Bununla belə gəncəli azarkeşlərin dəstəyini hiss etdim və 2-ci yerin qalibi oldum. İlk dəfə Gəncədə keçirilən bu yarış yüksək səviyyədə təşkil olunub. Belə yarışların bir daha Gəncədə keçirilməsini arzu edirəm. Gələcəkdə də bu cür yarışlar Gəncə şəhərində təşkil olunarsa bir pilot kimi mütləq iştirak edəcəyəm.

3-cü yerin qalibi Mətin Orucov: Böyük fəxr hissi keçirirəm ki, Gəncədə yarışdım və 3-cü yerin qalibi oldum. Ümidvaram ki, gələcəkdə Avropada keçirilən yarışlarda da qalib olacağıq.
Qeyd edək ki, sentyabrın 30-dan Azərbaycan Avtomobil Federasiyası tərəfindən Gəncədə Yol Hərəkəti Təhlükəsizliyi həftəsi də keçirilir. Bu tədbirlər çərşivəsində “Yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirək” adlı konfrans və Gəncənin bir sıra ümumtəhsil məktəblərində yol hərəkəti təhlükəsiyinə həsr olunan təlimlər təşkil olunacaq.

Konfrans və təlimləri AAF-ın yol hərəkəti təhlükəsizliyi üzrə məsləhətçiləri Əlləz Əliyev, Ərşad Hüseynov və Sahib Əsgərov aparacaq. İştirakçılara yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi və digər istiqamətlər üzrə məlumatlar veriləcək.

 

FOTO