Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçirilib. Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib.
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçirilib.
Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib.
“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan marafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionunadək 21 kilometr məsafəni əhatə edib.
Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyıb. Yarışda 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək iştirak ediblər.
Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar qatılıb. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar olub. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub.
Marafonda dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar iştirak ediblər. Eyni zamanda, müxtəlif təşkilat və şirkətin təmsilçiləri korporativ iştirakçı kimi qeydiyyatdan keçiblər.
Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub.
Azərbaycanın Astara, Gəncə, Qəbələ, Quba, Qusar, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şamaxı, Şəki, Oğuz, Zaqatala və digər bölgələrindən də yarışda iştirak edənlər olub.
Builki marafon bir sıra yeniliklərin tətbiqi ilə yadda qalıb. Bunlardan ən əhəmiyyətlisi ilk dəfə çip (xronometraj) sisteminin tətbiq olunmasıdır. Belə ki, yarışçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirilib. Sistemin tətbiqi marafonda iştirak edən hər kəsin marşrutboyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək və iştirakçıya elektron sertifikat əldə etmək imkanı qazandırıb.
Marafonun startında ilk dəfə olaraq “məşq zonası” yaradılıb və səhnədən isinmə hərəkətləri nümayiş etdirilib.
Marşrutboyu müxtəlif maraqlı əyləncəli proqramlar təqdim olunub, marafonçuları DJ və aparıcılar, barabançılar müşayiət edib.
İştirakçıların özlərinin də marafona maraqlı hazırlıqları diqqət çəkib. Belə ki, yarışçılar müxtəlif maraqlı kostyumlarda marafona özünəməxsus rəng qatıblar.
Bakı Olimpiya Stadionunda toplaşan azarkeşlər “Küləyə qalib gəl”ənləri dəstəkləyiblər. Yarışın təltifetmə mərasimi də Bakı Olimpiya Stadionunda olub. “Bakı Marafonu 2019”un qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişilər arasında uqandalı atlet İsmail Ssenyange finiş xəttinə birinci çatıb. İran təmsilçisi Məhəmməd Cəfər Moradi ikinci, həmyerlimiz Elman Abışov isə üçüncü olub. Qadınların arasında isə ukraynalı Valentina Poltavskaya, şotlandiyalı Suzanne Matonti və Azərbaycan təmsilçisi Anna Yusupova müvafiq olaraq I-III yerləri tutublar.
Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3000, ikinci yeri qazanan 2000, üçüncü yerə çıxan isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.
Bundan əlavə, marafonun eksklüziv tərəfdaşı və sponsorları iştirakçılara müxtəlif nominasiyalar üzrə bir sıra mükafatlar təqdim edib. Qadın və kişi kateqoriyalar üzrə finiş xəttini ilk keçən tələbələr Parisdə Disneylənddə tətil, korporativ iştirakçılar isə İstanbul marafonuna qeydiyyat və gediş-dönüş bileti qazanıblar.
Marafon iştirakçısı olan Azərbaycan vətəndaşlarına bir neçə nominasiyada mükafatlar təqdim olunub. Qadın və kişi kateqoriyası üzrə finiş xəttini keçən ilk Azərbaycan vətəndaşları Gürcüstanda keçiriləcək “Wings for Life World Run 2020” marafonunda iştirak etmək hüququ əldə ediblər. Bundan əlavə, finiş xəttini ilk keçən 50 yaşdan yuxarı Azərbaycan vətəndaşlarına (qadın və kişi kateqoriyası üzrə), həmçinin finişə çatmış ilk 5 azərbaycanlı xanıma müxtəlif hədiyyələr verilib.
Finiş xəttini ilk keçən maraqlı kostyumlu marafonçu, 10 xarici marafonçu, 3 xanım nominasiyalar üzrə mükafatlandırılıb.
Həmçinin martın 4-dən mayın 1-dək marafonda iştirak üçün qeydiyyatdan keçənlər arasında lotereyanın qalibi olmuş iki nəfərə də hədiyyə təqdim olunub.
Bunlardan əlavə, finiş xəttini keçən ilk 1000 iştirakçı “Bakı Marafonu-2019”un xüsusi medalı ilə təltif edilib.
“Bakı Marafonu-2019”dan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında Bakıda ilk marafon 2016-cı il mayın 1-də, ikinci yarımarafon 2017-ci il aprelin 30-da, üçüncü yarımarafon isə 2018-ci il mayın 13-də keçirilib. Bu layihə region sakinləri tərəfindən böyük marağa səbəb olduğundan 2017-ci il sentyabrın 17-də Gəncədə də yarımarafon təşkil edilib.