150 +994505000150

RİİB Beynəlxalq Əlillər Gününə həsr olunmuş aksiya keçirib

03 dekabr 2018
Paylaş
RİİB Beynəlxalq Əlillər Gününə həsr olunmuş aksiya keçirib

Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində dekabrın 3-də Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Fərqliyik, bərabərik!” adlı sosial aksiya təşkil olunub. Aksiya çərçivəsində inklüziv təhsilin anlayışı, sosial və iqtisadi faydaları, eləcə də hüquqi əsasları haqqında məlumatları əks etdirən maarifləndirici bukletlər paylanılıb.

Bununla yanaşı aksiyanı geniş ictimai auditoriyaya çatdırmaq məqsədilə onlayn fotomüsabiqə təşkil olunub. Aksiyanın stendində instaqram çərçivəsi ilə şəkil çəkdirib, inklüziv təhsilə dəstək ifadə edən cümlə ilə birlikdə göndərən şəxslərin fotoları layihənin facebook səhifəsində paylaşılacaq. 3 gün ərzində (4 – 6 dekabr) ən çox bəyənilən 3 şəkil qalib hesab olunacaq. Həmin fotoların sahibləri Bakı Kitab Mərkəzindən hədiyyə kuponu ilə mükafatlandırılacaqlar.

Tədbir inklüziv təhsil haqqında cəmiyyətin maarifləndirilməsi məqsədi daşıyıb. Xatırladaq ki, “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində inklüziv təhsil üzrə modullar hazırlanaraq ilkin pedaqoji, eyni zamanda ixtisasartırma təhsilinin standartlarına inteqrasiya edilməsi, bu sahədə qanunvericiliyin BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyaya uyğunlaşdırılması ilə bağlı təkliflərin, müvafiq tədris vəsaitlərinin hazırlanması, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun filiallarında 6 İnklüziv Resurs Mərkəzinin yaradılması və müxtəlif yönümlü ictimai məlumatlandırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

 

FOTO