150 +994505000150

Birinci “Könüllülük proqramı”

“Regional İnkişaf” İctimai Birliyinin Birinci “Könüllülük proqramı” 2017-ci ilin sentyabr-dekabr aylarını əhatə edib. Könüllülük proqramının keçirilməsində əsas məqsəd vətəndaşları regionun sosial hayatında daha fəal iştiraka cəlb etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına, regionlarda geniş könüllü şəbəkəsinin formalaşmasına dəstək göstərmək, ictimai nəzarətin həyata keçirilməsində könüllülərin aktiv iştirakını təmin etməkdən ibarət olub.

 

Sentyabr ayında “Könüllülük proqramı”na qəbul elan edilib və 500-ə yaxın müxtəlif yaş kateqoriyasından olan region sakini könüllü olmaq üçün qeydiyyatdan keçib. Onalar arasından 358 müraciətçi proqramda iştirak hüququ qazanıb. Könüllülərin 200 nəfərdən çoxu gənclər – 17-29 yaş qrupuna aid olan region sakinləri idi. Proqrama qoşulan 8 iştirakçı isə 51-75 yaş kateqoriyasından olub.

 

Proqramı başa vuran könüllülərdən 176 nəfər ali, 92 nəfər orta ixtisas və 62 nəfər isə tam orta təhsilli şəxslər idi.

 

74 nəfər orta məktəb müəllimi bu proqrama könüllü kimi qoşulmuşdu. 56 nəfər  isə hal-hazırda ali təhsil alan tələbələr olub.

 

Proqram ərzində keçirilən layihə və tədbirlər müxtəlif mövzularda 4 tematik həftə - “İşgüzar”, “Regionu tanı”, “Sosial məsuliyyət” və “Təcrübə mübadiləsi” həftələri çərçivəsində həyata keçirilib.

 

“İşgüzar” həftələrdə 8 regionda könüllülərə “Regionlarda könüllülük fəaliyyəti” mövzusunda təlimlər təşkil olunub. Təlimlərdə könüllü fəaliyyət necə olmalıdır, RİİB könüllülərinin iş prinsipləri, regionlarda könüllülük fəaliyyətinin inkişaf etdirilməsi, ictimai nəzarətin həyata keçirilməsində könüllülərin rolu, vətəndaşlarla işin qurulması və digər bu kimi məsələlər barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb.  Bu həftələr ərzində ümumilikdə 8 təlim,  21 iclas keçirilib, aylıq planlaşdırmalar aparılıb.

 

Hər ayın 2-ci həftəsi müxtəlif məzmunlu “Regionu tanı” həftəsi olub. Turizm mövzusunda olan həftədə könüllülərin 19 turistik məkana səfər və ekskursiyaları təşkil edilib, turizmlə bağlı təkliflər hazırlanıb.

 

Növbəti “Regionu tanı” həftəsi mədəniyyət mövzusunda olub və 8 regionda könüllülərin iştirakı ilə müxtəlif mədəniyyət tədbirləri təşkil edilib. Könüllülər komanda şəklində təqdimatlar hazırlayıb, təmsil etdikləri rayonları özünəməxsus mədəniyyət nümunələri ilə digər könüllülərə tanıdıblar.

 

Dekabr ayında iqtisadiyyat istiqamətli “Regionu tanı” həftəsində könüllülər üçün 10 istehsalat obyektində infotur təşkil edilib.

 

“Sosial məsuliyyət” həftələri ərzində könüllülər maraqlı sosial fəaliyyətləri ilə yadda qalıblar. Bu həftələrdə təmizlik, ağacəkmə aksiyaları, həssas qruplara yönəlmiş maraqlı sosial tədbirlər keçirib, vətəndaşlar arasında maarifləndirmə işi aparıblar. Keçirilən  tədbirlər ətrafdakı insanlara, mühitə faydalı olmaqla yanaşı, sosial məsuliyyət hissinin və könüllülük fəaliyyətinin təbliğinə yönəlmişdi.

  

 

 

 

                                                                                                                                                                                                                                                                                                                                                                                       

“Təcrübə mübadiləsi” həftələri könüllülərin həm region daxilində, həm də müxtəlif regiondan olan könüllülər arasında təcrübə mübadiləsinin aparılması, proqram ərzində görüləcək işlərin planlaşdırılması və nəticələrin təhlili baxımından faydalı olub.

 

Proqram davam etdiyi müddətdə könüllülər tərəfindən vətəndaşlardan 255 müraciətin qəbulu aparılıb.

 

Üç ay davam edən Birinci “Könüllülük proqramı”nın yekunları ilə bağlı 8 regionda “Məzun günü” təşkil edilib, yekun iclas keçirilib. İclasda proqramın nəticələri müzakirə edilib, üçaylıq fəaliyyəti əks etdirən təqdimat nümayiş olunub. Könüllülərin fikir və təəssüratları dinlənilib, yeni proqram üçün təkliflər qeydə alınıb.

 

Proqramı uğurla başa vuran 330 nəfər könüllüyə sertifikatlar təqdim edilib. Qeyd edək ki, ilk proqramda fəal iştirak edən könüllülər ikinci proqrama da qoşulmaq imkanı qazanıblar.