150 +994505000150

Qaxda “Talassemiyasız həyat naminə” II regional simpozium və ödənişsİz tibbi müayinələr təşkil olunub

24 noyabr 2018
Paylaş
Qaxda “Talassemiyasız həyat naminə” II regional simpozium və ödənişsİz tibbi müayinələr təşkil olunub

Noyabrın 24-də Qax rayonunda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” devizi ilə II regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil olunub.

Simpoziumda Qax, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında çalışan 150-dən çox tibb işçisi, QHT nümayəndələri, talassemiyalı pasiyentlər və onların valideynləri iştirak ediblər.

Simpoziumda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış Talassemiya Mərkəzinin və Fondun 2005-ci ildən həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinin bu xəstəliyə düçar olan insanların müalicə və profilaktikasında rolundan danışılıb, bu sahədə tətbiq olunan diaqnoz və müalicə metodları, reallaşdırılan layihələr, həyata keçirilən kompleks tədbirlərin nəticələri barədə məlumat verilib.

Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova çıxış edərək, talassemiya xəstəliyinin düzgün diaqnostikası və qarşısının alınmasında regionlarda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb, simpoziumun işinə uğurlar arzulayıb.

Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov çıxışında Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində ölkəmizdə səhiyyə sahəsində aparılan islahatların, görülən işlərin, həmçinin Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunub saxlanması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirdiyi genişmiqyaslı layihələrin çox müsbət nəticələr verdiyini bildirib.

Qeyd olunub ki, talassemiya irsi qan patologiyasına aid olan problemdir və bu məsələ ölkəmizdə də aktualdır. Talassemiya respublikamızın bir çox regionunda geniş yayılıb. Bölgələrdə aparılan maarifləndirmə tədbirlərinin əsas məqsədi gələcəkdə talassemiya patologiyası ilə dünyaya gələn uşaqların azalmasına nail olmaqdır.

Simpozium daha sonra öz işini elmi sessiyalarda davam etdirib.

Valeh Hüseynovun sədrliyi ilə keçən “Talassemiya: müasir yanaşma” mövzusunda birinci sessiyada “Talassemiya, klinik formaları, diaqnostika və müalicəsinə müasir yanaşma”, “Talassemiya daşıyıcılığı: talassemiyasız həyat naminə nə etməliyik?”, “Talassemiya, prenatal diaqnostika, xəstəliyin qarşısının alınmasında ginekoloqun rolu”, “Talassemiyalı xəstələrdə endokrin ağırlaşmalar”, “Talassemiyalı uşaqlar və yeniyetmələrin psixososial problemləri” mövzularında məruzələr dinlənilib.

Talassemiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Ramin Bayramlının sədrliyi ilə keçən “Talassemiya: diaqnostika və monitorinq” adlı ikinci sessiyada isə “Hemotransfuziya: qaydalar və risklər”, hemotransfuziyada tibb bacısının vəzifə və öhdəlikləri, talassemiya xəstələrində infeksion və kardiak ağırlaşmalar barədə məlumat verilib, müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçı həkimlərə sertifikatlar təqdim olunub.

Simpozium çərçivəsində, həmçinin Qax Rayon Mərkəzi Xəstəxanasında talassemiya daşıyıcılığını müəyyən etmək məqsədilə Qax və ətraf rayonlardan olan 250-dən çox sakin ödənişsiz tibbi müayinələrə cəlb edilib.

Talassemiya Mərkəzinin mütəxəssisləri günün ikinci yarısında talassemiyalı xəstələrin müalicə aldığı Şəki və Qəbələ rayon xəstəxanalarında olub, yerli tibb işçiləri ilə təcrübə mübadiləsi aparıb.

Xatırladaq ki, “Talassemiyasız həyat naminə” devizi altında ilk regional simpozium və ödənişsiz müayinələr oktyabrın 27-də Mingəçevirdə keçirilib. Digər regionlarda və son olaraq, Bakı şəhərində belə simpoziumların keçirilməsi nəzərdə tutulur.

 

FOTO