“Tətbiqi sənətdə batika” mövzusunda təlim keçirilib
Oktyabrın 19-da Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı şəhərindəki “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “Tətbiqi sənətdə batika” mövzusunda təlim keçirilib.
Təlimdə Azərbaycan Rəssamlar İttifaqının üzvü, Xəzər Universitetinin dizayn departamentinin rəhbəri, Tətbiqi Sənət Muzeyinin direktoru Afaq Kərimova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Əməkdar incəsənət xadimi Rafael Əsədov, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rəssamı, Prezident təqaüdçüsü Əfşan Əsədova mövzuyla bağlı çıxış ediblər.
Tədbirdə Azərbaycan dekorativ tətbiqi sənətində batikanın yaranması, inkişaf yolu, işlənmə texnikasına görə batikanın növləri və s. barədə ətraflı məlumat verilib.
Bildirilib ki, batika möhürləyici məhlulların istifadəsi ilə aparılan parça üzərində nəqqaşlıq sənətidir. Əsasən Şərq ölkələrində (İndoneziya, Hindistan, Çin, Azərbaycan və s.) yayılıb. Azərbaycanda buna misal olaraq möhür üslubu ilə işlənmiş kəlağayıları göstərmək olar.
İşlənmə texnologiyasına görə batikanın bir neçə növü var: soyuq, isti, düyünlü və azad bəzəmə batikası.
Qeyd olunub ki, XX əsrin sonu XXI əsrin əvvəlində Azərbaycan rəssamlarından Ənvər Qarayev, İlham Səfərli, Tatyana Ağababayeva, Tamilla Məmmədova, Afaq Kərimova incə batika sənəti sahəsində Azərbaycan mədəniyyətinin inkişafına töhfələr veriblər.
Diqqətə çatdırılıb ki, bu gün dövlətin incəsənətə qayğısı nəticəsində təhsil ocaqlarında yetişən gənc rəssamlar nəsli batika sənətinə böyük maraq göstərərək respublika və beynəlxalq sərgilərdə uğurla iştirak edirlər.
Qeyd edək ki, 2009-cu ildə İndoneziya batikası UNESCO-nun Bəşəriyyətin toxunulmaz mədəni irsi siyahısına daxil edilib.