150 +994505000150

Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş bağçaların açılışı olub

16 sentyabr 2020
Paylaş
Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş bağçaların açılışı olub

Sentyabrın 16-da Bakının Xəzər rayonunun Zirə qəsəbəsinin Qışlaq yaşayış sahəsində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş 2 saylı uşaq bağçasının açılışı olub. Tədbirdə Heydər Əliyev Fondunun, Xəzər Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən zəruri mebel və avadanlıqlarla təchiz edilib.

Uşaq bağçasının direktoru İlahə Rəsulova məlumat verib ki, Heydər Əliyev Fondu tərəfindən 60 yerlik uşaq bağçasının inşasına 2019-cu ilin dekabrında başlanılıb, tikinti işləri 2020-ci ilin iyul ayında yekunlaşıb. Bir mərtəbədən ibarət bağçanın ümumi ərazisi 0.0894 hektardır. Bağçanın ərazisində yeraltı içməli su anbarı, nasosxana və qazanxana inşa edilib, bina daimi su, elektrik və istilik sistemləri ilə təmin edilib.

Bildirilib ki, uşaq bağçasının binası 2 qrup otağından ibarətdir. Ərazidə oyun meydançası da var. Məşğələ və yataq otaqları hər cür avadanlıq və ləvazimatlarla təmin edilib. Pandemiya ilə əlaqədar olaraq bağçada bütün gigiyenik qaydalara ciddi riayət olunur.

Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə daş örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, işıqlandırma sistemləri quraşdırılıb. Bağça ətrafı yollar abadlaşdırılıb.

Bu gün Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunun Binə qəsəbəsində inşa olunmuş 218 saylı körpələr evi-uşaq bağçasının da açılışı olub. 

Heydər Əliyev Fondunun, Xəzər Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə körpələr evi-uşaq bağçasının direktoru Ülviyyə Quliyeva məlumat verib ki, ikimərtəbəli binanın məşğələ və yataq otaqları zəruri mebel və avadanlıqlarla təchiz olunub.

Qeyd edilib ki, 80 yerlik uşaq bağçasının binası 4 qrup otağından ibarətdir. Ərazidə oyun meydançası da var. Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə daş örtüyü döşənib, dekorativ və kol ağacları əkilib, işıqlandırma sistemləri quraşdırılıb. Bağça kənarı yollara asfalt örtüyü salınıb.