150 +994505000150

Balakən məktəbliləri arasında bədii qiraət müsabiqəsi keçirilib

25 may 2018
Paylaş
Balakən məktəbliləri arasında bədii qiraət müsabiqəsi keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) “Regionlarda gənclərin mədəniyyətə və incəsənətə marağının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Balakən rayonunda məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirmişdir. Üç mərhələdə reallaşdırılan müsabiqəyə 25 may 2018-ci il tarixində yekun vurulub.

Müsabiqənin məktəbdaxili birinci və ikinci mərhələlərində Balakən rayonunda internat və orta məktəblərdə oxuyan 150-dən çox məktəbli iştirak edib, onların arasından 40 nəfər finalda iştirak hüququ qazanıb. Final mərhələsinə çıxmış şagirdlərlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii qiraət üzrə mütəxəssisləri tərəfindən seçdikləri şeir və ya monoloqun məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı ifa üçün ayrılmış vaxta riayət edilməsi və digər məsələlərə dair hazırlıq işləri aparılıb.

Final mərhələsində məktəblilər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimlərindən ibarət münsiflər heyəti qarşısında çıxış ediblər. Münsiflərin qiymətləndirməsi əsasında 1-ci yerə Balakən rayon ümumi orta internat məktəbinin şagirdi Ləman Seyidova, 2-ci yerə Zərifə Əliyeva adına 3 nömrəli orta məktəb şagirdi Ruslan Kosayev, 3-cü yerə isə Nizami Gəncəvi adına 1 nömrəli orta məktəbin şagirdi Ləman Hənifəyeva layiq görülüb. Sonda I-III yerləri qazanmış şagirdlər diplom və qiymətli hədiyyələr, 5 nəfər həvəsləndirici hədiyyə, bütün iştirakçılar sertifikatlarla təltif olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd regionlarda mədəniyyət və incəsənət sahəsində istedadlı gəncləri aşkara çıxarmaq və onların inkişafı üçün əlverişli şərait yaratmaq, yetişməkdə olan gənc nəsildə bədii qiraətə olan marağı artırmaq və onlara mütaliə vərdişlərini aşılamaq, nitq mədəniyyətini formalaşdırmaq, gələcəkdə ali və orta ixtisas məktəblərinə qəbul zamanı ixtisas seçimində mədəniyyət və incəsənətin müxtəlif sahələrində təhsil almalarına təşviq etməkdir.

Layihənin respublikanın digər regionlarda da keçirilməsi nəzərdə tutulur.