150 +994505000150

Regionlarda aztəminatlı ailələrin özünüməşğulluğu üzrə sosial layihənin icrasına başlanılıb

06 aprel 2018
Paylaş

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Sosial bağlar” layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihə regionlarda yaşayan aztəminatlı ailələr, şəhid ailələri, eləcə də xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasını nəzərdə tutur.

2018-ci ilin sonunadək reallaşacaq layihə çərçivəsində regionlarda 120-dən çox ailə üçün müasir meyvə bağlarının salınması, tərəvəz və  bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının yaradılması planlaşdırılır. Artıq 20-dən çox ailə üçün bu cür təsərrüfatlar yaradılaraq onların istifadəsinə verilib.

Eyni zamanda ailələrə sahələrin suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstəriləcəkdir.

Məqsəd regionlarda qeyd edilən həssas qruplardan olan ailələrin məşğulluğunun yaradılmasına töhfə verməkdir. Layihənin həyata keçirilməsi regionlarda həmin ailələrin gəlirlərinin artırılması, ailə sahibkarlığının inkişafı, ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı, istifadəsiz torpaqların əkin dövriyyəsinə cəlb edilməsi və səmərəli istifadəsi baxımından da əhəmiyyətlidir.

Qeyd edək ki, sosial sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də əhalinin məşğulluğunun təmin olunması, yаşаyış səviyyəsinin daha da yaxşılaşdırılması, vətəndaşların ünvanlı dövlət sosial yardımından asılılığının aradan qaldırılmasıdır.

Bu baxımdan aztəminatlı ailələrin sоsiаl müdаfiəsinin gücləndirilməsi ilə yanaşı, оnlаrın аktiv məşğulluq tədbirlərinə cəlb еdilməsi, bununlа dа fəаl həyаt mövqеyinin fоrmаlаşmаsı daim diqqətdə saxlanılır.

“Sosial bağlar” layihəsi eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamından irəli gələrək işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.