150 +994505000150

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə şahmat üzrə master-klass keçirilib

14 mart 2018
Paylaş

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) “Çempionla üz-üzə” layihəsi çərçivəsində Azərbaycan Şahmat Federasiyası ilə birgə Quba şəhərində şahmat üzrə təlim və master-klass təşkil edib. Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbində keçirilən ustad dərsini beynəlxalq dərəcəli qrossmeyster, üçqat Avropa çempionu Rauf Məmmədov aparıb.

 

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gəncləri asudə vaxtlarını səmərəli keçirməyə, zehni məşğələlərə stimullaşdırmaq, eləcə də onların peşəkar idmançı kimi yetişməsinə təkan vermək olub.

 

Məktəbin direktoru, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov Azərbaycanda şahmatın böyük inkişaf yolu keçdiyini və hazırda ölkəmizin dünyanın intellektual mərkəzlərindən biri kimi tanındığını bildirib. Qeyd edib ki, Azərbaycan şahmat məktəbinin uğurlu, görkəmli yetirmələri var. O, bu görüşün gənc şahmatçıların bacarıqlarının inkişafına, onların beynəlxalq dərəcəli qrossmeyster, dünyanın ən güclü 40 şahmatçısının sırasında olan Rauf Məmmədovdan öyrənməyə imkanlar yaratdığını bildirib.

 

Tədbirdə gənc şahmatçılarla 16 taxtada eyni vaxtda oyun seansı keçirilib.

 

İştirakçılar arasında Qubanın beynəlxalq yarışlarda uğur qazanmış iki yetirməsi – şahmat üzrə məktəblilərin Avropa çempionatının gümüş mükafatçısı Sevil Tahirova (2017-ci il, Monteneqro) və bürünc mükafatçısı Fərid Məlikov (2016-cı il, Yunanıstan) da olub. Məhz həmin yeniyetmələrdən biri – Fərid Məlikov Rauf Məmmədovla oyunu qələbə ilə bitirib. Daha üç məktəbli isə heç-heçəyə nail olub.

 

Oyunda fərqlənən məktəblilər kubok, sertifikat və hədiyyələr, bütün iştirakçılar isə sertifikat və hədiyyələrlə təltif olunublar.

 

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi regionlarda yeniyetmə və gənclərdə idmana marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirir.