150 +994505000150

Ağdaş və Qax rayonlarında aztəminatlı ailələr üçün meyvə bağları salınıb

17 noyabr 2017
Paylaş
Ağdaş və Qax rayonlarında aztəminatlı ailələr üçün meyvə bağları salınıb

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə noyabrın 17-də Ağdaş və Qax rayonlarında aztəminatlı və şəhid ailələri üçün meyvə bağları salınıb.

 

Ağacəkmə aksiyası zamanı Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış 2,1 hektar sahədə 1000 ədəd nar ağacı, Qax Rayon İcra Hakimiyyəti tərəfindən Əmircan bələdiyyəsi Əmbərçay kəndi ərazisində ayrılmış 2 hektar sahədə isə 1248 ədəd fındıq tingi əkilib.

 

Salınan meyvə bağları Ağdaş rayonunda iki şəhid və bir ikinci qrup əlil ailəsi, Qax rayonunda isə 4 şəhid ailəsi və bir Qarabağ müharibəsi veteranı arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib. Ailələr nar və fındıq bağlarına qulluq göstərməklə, əldə edəcəkləri  məhsul hesabına maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

 

Gələcəkdə layihənin respublikanın digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, meyvə ağaclarının əkilməsi üzrə layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayından başlanılıb. Layihə çərçivəsində meyvə bağları bundan əvvəl İsmayıllı və Şəmkir rayonlarında salınmış və aztəminatlı, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilmişdir.