150 +994505000150

“Regional İnkişaf” İctimai Birliyi Bərdə və Füzuli rayonlarında ödənişsiz tibbi müayinələr təşkil edib

20 noyabr 2017
Paylaş
“Regional İnkişaf” İctimai Birliyi Bərdə və Füzuli rayonlarında ödənişsiz  tibbi müayinələr təşkil edib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri noyabrın 9-da Ağdam rayonunda sakinlərlə müxtəlif görüşlər keçirmiş, rayonun bir sıra - sosial, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə problemlərinin həllində yaxından iştirak etmişdir. Regionların inkişafına, vətəndaşların sosial-iqtisadi problemlərinin həllinə diqqət və qayğının nümunəsi olan həmin görüşlərin davamı kimi RİİB, Səhiyyə Nazirliyi və Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə Yuxarı Qarabağ regionu üzrə - Bərdə və Füzuli rayon sakinlərinin Bərdə Müalicə-Diaqnostika Mərkəzi və Füzuli Tibb Mərkəzində ödənişsiz tibbi müayinələri təşkil edilib.

 

Noyabr ayının 17-dən 19-dək davam edən müayinələr Mərkəzi Neftçilər Xəstəxanasının 14 nəfərdən ibarət yüksək ixtisaslı, peşəkar həkim heyəti tərəfindən aparılıb.

 

Tibbi aksiyadan ucqar kəndlərin sakinləri də daxil olmaqla ümumilikdə 1000-dən çox region sakini yararlanıb. RİİB könüllüləri müayinələrə ehtiyacı olan şəxslərin xüsusi nəqliyyat vasitələri ilə kəndlərdən gətirilməsini və aksiyada iştirakını təşkil ediblər.

 

Müayinələr kardioloji, uroloji xəstəliklər, oftalmologiya, ümumi terapiya və ümumi cərrahiyyə sahələrini əhatə edib. Ehtiyac yarandığı halda laborator yoxlamalar aparılıb, müalicələr təyin olunub, 2 xəstənin cərrahi əməliyyatı həyata keçirilib.

 

Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyi Səhiyyə Nazirliyi və Mərkəzi Neftçilər Xəstəxansı ilə birlikdə regionlarda mütəmadi olaraq müxtəlif sahələr üzrə ödənişsiz tibbi aksiyalar keçirir. İndiyə qədər müxtəlif regionlarda aparılan müayinələrə ümumilikdə 6000-ə yaxın vətəndaş cəlb edilib.