150 +994505000150

Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan milli musiqi alətləri: tarix və müasirlik” mövzusunda təlim keçirilib

02 dekabr 2016
Paylaş
Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan milli musiqi alətləri: tarix və müasirlik” mövzusunda təlim keçirilib

Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki  Heydər Əliyev İncəsənət Məktəbində növbəti təlim keçirilib.

 

 Region gənclərinin iştirakı ilə keçirilən təlim “Azərbaycan milli musiqi alətləri: tarix və müasirlik” mövzusunu əhatə edib. İştirakçılara Azərbaycan xalq çalğı alətləri arasında xüsusi yeri olan zərb alətləri, o cümlədən nağara aləti barədə məlumat verilib.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının müəllimi Təhmasib Məmmədov ritm haqqında, nağara alətinin yaranma tarixi, bu qədim zərb alətinin orkestrdə rolu, solo ifası və  ölkəmizin tanınmış nağara ifaçıları barədə mühazirə ilə çıxış edib.

 

Təlim zamanı praktik məşğələ də təşkil olunub. Mühazirəçi Təhmasib Məmmədov  tələbələrin nağarada müşayiəti ilə bir sıra elementlər nümayiş etdirib. Həmçinin region musiqi məktəblərinin şagirdləri nağara alətində ifalarını nümayış etdirərək müvafiq praktik tövsiyələr alıblar.

 

Qeyd olunub ki, bu qədim zərb aləti üçün yazılan notlar musiqiçilərə nağarada xalq mahnıları ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri, həmçinin rus və Avropa klassiklərinin əsərlərini  ifa etməyə imkan yaradır.

 

Bu silsilədən təşkil olunan təlimlər milli musiqi alətlərinin tarixinin öyrənilməsinə, o cümlədən gənclərin  bilik və bacarıqlarının artırılmasına, istedadlı gənclərə dəstək göstərilməsinə yönəlib.

 

Qeyd edək ki, Masallıda fəaliyyət göstərən Heydər Əliyev İncəsənət Məktəbində RİİB və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə mütəmadi olaraq müxtəlif mövzularda təlim və seminarlar keçirilir. Bu günədək region gənclərinin iştirakı ilə teatr, rəngkarlıq, fotoqrafiya mövzularında seminar və praktik məşğələlər təşkil olunub.