150 +994505000150

Turizm bələdçilərinin hazırlanması ilə bağlı təlimlər təşkil olunub

16 avqust 2019
Paylaş

Cari ilin 10-15 avqust tarixlərində Avropa İttifaqı və Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH)  tərəfindən maliyyələşdirilən "Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək (SLRD)" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (ATBA) və Azərbaycan Turizm Bürosunun birgə təşkiatçılığı ilə Şəmkir rayonunda “Gəncə-Qazax regionunda tematik marşrutlar üzrə turizm bələdçilərinin hazırlığı” mövzusunda təlimlər təşkil olunub. Təlimlərdə regionda müstəqil turizm bələdçisi kimi çalışan və ya müvafiq peşəyə daha dərindən yiyələnmək istəyən 30 nəfər iştirak edib.

Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçi proqramları əsasında təşkil olunan təlimdə iştirakçılara “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” və “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrasından keçən müddət ərzində formalaşan yeni turizm məhsulları, Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanmış “azerbaijanwine.com” onlayn saytı, regionun şərabçılıq potensialı, istehsal olunan şərabların regionun etnoqrafiyası və qastronomiyası ilə vəhdəti barədə ətrafı məlumat verilmiş, tematik turların tərtibatına dair kazus dərsləri keçilmiş, eləcə də turistlərlə ünsiyyətin qurulması, bələdçilik peşəsinə yiyələnmək üçün vacib olan şəxsi keyfiyyətlər, turizm sahəsində beynəlxalq təcrübə, turizm məhsulunun satışının artması üçün müasir turizm trendlərinə adaptasiya texnikası və digər mövzular haqqında nəzəri və praktik məlumatlar verilmişdir.

Beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris olunan təlim proqramı çərçivəsində iştirakçıların həmçinin, “Alman irsi mədəniyyət evi”nə ziyarəti təşkil olunmuş, onlara orada nümayiş olunan materiallarla əyani tanış olmaq imkanı yaradılmışdır.

Təlimdə qeyd olunan mövzuların Avropa Şurası Mədəni Marşrutlar platformasında təmsil olunması, eləcə də sözügedən marşrutların coğrafi və mövzu baxımından Avropa İttifaqı ölkələri ilə turizm əlaqələrinin genişləndirilməsi və müştərək turların təşkilində əhəmiyyəti qeyd olunub.

Növbəti mərhələdə iştirakçıların bilik səviyyələrinin müəyyən edilməsi məqsədilə nəzəri attestasiya keçiriləcək. Attestasiyadan uğurla keçənlər ATBA-nın regional turizm bələdçisi şəhadətnaməsi ilə təltif ediləcək.

Təlimlərin ölkəmizin digər bölgələrində də davam etdirilməsi nəzərdə tutulur.