150 +994505000150

“Hamiləlikdə İnkişaf Portalı” layihəsi Sumqayıt şəhərində təqdim edilib

31 may 2019
Paylaş

“Regional İnkişaf” İctimai Birliyinin Səhiyyə Nazirliyinin dəstəyi ilə hazırladığı “Hamiləlikdə İnkişaf  Portalı”nın (HİP) 31 mayda Sumqayıt şəhərində  təqdimatı keçirilib. Sumqayıtda fəaliyyət göstərən mama-ginekoloqların, müvafiq sahədə çalışan tibb işçilərinin iştirak etdiyi təqdimata hamilə xanımlar da cəlb edilib. Tədbirdə portalın gələcək anaların sağlam hamiləlik dövrü keçməsi, maarifləndirilməsi və sosial fəallığının artırılmasındakı rolu barədə  geniş məlumat verilib.

 “Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Ülviyyə Əkbərova iştirakçılara portalın bölmələri, eləcə də iOS və Android əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulan mobil tətbiqi barədə geniş məlumat verib. Mobil tətbiqin əsas üstünlüyünün portalda qeydiyyatdan keçmiş xanımlara hamiləlik dövründə həftəlik dəyişikliklər və layihə çərçivəsində baş verən yeniliklər, tədbirlər haqqında məlumatların göndərilməsindən ibarət olduğunu vurğulayıb.

Daha sonra layihənin tərəfdaşları olan UNİCEF Azərbaycan və “Wowoman” Qadın Klubunun təmsilçilərinin çıxışları dinlənilib və iştirakçılara müxtəlif maarifləndirici materiallar paylanılıb.

Tədbirin ikinci hissəsində Azərbaycan Tibb Universiteti və Psixi Sağlamlıq Mərkəzinin nümayəndələri tərəfindən “Hamiləlik dövründə düzgün qidalanma” və “Hamilə qadınlarda psixi rifah” mövzularında infosessiyalar təşkil olunub, müvafiq təqdimatlar edilib. Hamilə xanımlara hamiləlik dövründə düzgün qidalanma modeli, qadın orqanizmində baş verən müxtəlif fiziki və hormonal dəyişikliklər, qida rasionunda gündəlik kaloriyə olan tələbat, eləcə də psixoloji dəyişikliklər, depressiyandan çıxış yolları, bu sahədə ailə dəstəyinin önəmi haqqında danışılıb.

Layihə çərçivəsində həmçinin,  portalın fəaliyyətinə cəlb olunmuş könüllülər Sumqayıtda müvafiq sahədə fəaliyyət göstərən tibb işçiləri və digər mütəxəssislərlə birlikdə hamilə xanımlara yönəlik layihə təklifləri hazırlayaraq həyata keçirəcəklər.