150 +994505000150

“Hamiləlikdə İnkişaf Portalı”nın Quba rayonunda təqdimatı keçirilib

27 aprel 2019
Paylaş

 “Regional İnkişaf” İctimai Birliyinin Səhiyyə Nazirliyinin dəstəyi ilə yaratdığı “Hamiləlikdə İnkişaf  Portalı”nın (HİP) Quba şəhərində təqdimatı olub.

 

Quba-Xaçmaz regionunda fəaliyyət göstərən mama-ginekoloqların, müvafiq sahədə çalışan tibb işçilərinin və 50-dən çox hamilə xanımın iştirak etdiyi tədbirdə portalın gələcək anaların sağlam hamiləlik dövrü keçməsi, maarifləndirilməsi və sosial fəallığının artırılmasında rolu barədə məlumat verilib.

 

Səhiyyə Nazirliyinin nümayəndəsi Leyla Məmmədova, “Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Ülviyyə Əkbərova layihənin sosial maarifləndirilmə baxımından əhəmiyyətindən danışaraq bildirib ki, portal və mobil tətbiq hamiləlik dövründə xanımların sağlamlıq, akademik və sosial inkişafı üçün faydalı olan müvafiq proqramlarla təmin edilib.

 

Mobil tətbiqin əsas üstünlüyü isə portalda qeydiyyatdan keçmiş xanımlara hamiləlik dövründə həftəlik dəyişikliklər və layihə çərçivəsində baş verən yeniliklər, tədbirlər haqqında məlumatların göndərilməsindən ibarətdir.

 

Təqdimatda həmçinin, Azərbaycan Tibb Universiteti və Psixi Sağlamlıq Mərkəzinin nümayəndələri tərəfindən “Hamiləlik dövründə düzgün qidalanma” və “Hamilə qadınlarda psixi rifah” mövzularında infosessiyalar təşkil edilib. Təqdimatlarda hamilə qadınlara hamiləlik dövründə düzgün qidalanma modeli, qadın orqanizmində baş verən müxtəlif fiziki və hormonal dəyişikliklər, qida rasionunda gündəlik kaloriyə olan tələbat, eləcə də psixoloji dəyişikliklər, depressiyanın yaranma səbəbləri və çıxış yolları, ailə dəstəyinin önəmi haqqında məlumat verilib.

 

Layihə çərçivəsində UNİCEF Azərbaycan, “Wowoman” və digər  tərəfdaş qurumların nümayəndələrinin çıxışları dinlənilib və iştirakçılara müxtəlif maarifləndirici materiallar paylanılıb.