150 +994505000150

RİİB autizm sindromlu uşaqlar üzrə mütəxəssislər hazırlayır

13 may 2016
Paylaş
RİİB autizm sindromlu uşaqlar üzrə mütəxəssislər hazırlayır

Heydər Əliyev Fondunun “Regional  İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə bölgələr üzrə autizm sindromlu uşaqların müalicəsi, onlarla işləyəcək mütəxəssislərin hazırlanması istiqamətində layihə həyata keçirilib.

Bakı şəhərində keçirilən təlim kursu RİİB-ə Lənkərandan daxil olan müraciətlər əsasında təşkil olunub. Təlimləri Səhiyyə Nazirliyinin mütəxəssisləri aparıb. Layihədə Lənkəran rayonunda təhsil sahəsində çalışan şəxslərdən və autizm sindromlu uşaqların valideyinlərindən ibarət könüllülər iştirak edib.

İştirakçılara autizm sindromlu uşaqlarla ev şəraitində iş, art-terapiya, dram-terapiya, musiqi-terapiya və s. sahələrdə nəzəri, praktik təlimlər keçirilib. Təlimlər uşaq psixoloqu ilə yanaşı, loqoped-defektoloq, həkim-nevropatoloqun birgə iştirakı ilə aparılıb.

Regionlarda bu sahədə mütəxəssis azlığının aradan qaldırılmasına yönələn layihə, həmçinin autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyası, onların valideynlərinə psixoloji hazırlıq baxımından dəstək, insanların diqqətini bu sosial məsələyə yönəltmək məqsədi daşıyıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi aprelin 6-8-də Səhiyyə Nazirliyinin dəstəyi ilə Lənkəran şəhərində autizm sindromlu uşaqların müayinəsi və valideyinlərin maarifləndirilməsi üzrə kurs təşkil etmişdi. RİİB bu layihənin davamı olaraq və daxil olan müraciətləri nəzərə alaraq regionlarda işləyəcək kadr hazırlığı  üzrə kurslara başlayıb.

Kursu bitirmiş könüllülər RİİB-in dəstəyi ilə cənub regionu üzrə yaradılacaq Autizm Mərkəzində fəaliyyət göstərəcək.

RİİB digər bölgələr üzrə də analoji kursların davam etdirilməsi baxımından Səhiyyə Nazirliyi ilə birgə regionlarda autizm sindromlu uşaqlarla bağlı vəziyyəti təhlil edir.