150 +994505000150

Şəki-Zaqatala regionunda turizm bələdçiləri üçün təlim keçirilib

27 aprel 2017
Paylaş
Şəki-Zaqatala regionunda turizm bələdçiləri üçün təlim keçirilib

Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə aprelin 20-dən 25-dək “Şəki-Zaqatala regionunda tematik turların təşkilində turizm bələdçilərinin rolu” mövzusunda təlim kursu təşkil olunub.

Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə aprelin 20-dən 25-dək “Şəki-Zaqatala regionunda tematik turların təşkilində turizm bələdçilərinin rolu” mövzusunda təlim kursu təşkil olunub.

Respublikanın əsas turizm bölgələrindən olan Şəki-Zaqatalanı əhatə edən bu dəfəki təlimi Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri aparıb. Kursda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında turizm və mədəniyyət sahəsində çalışan 18 nəfərdən ibarət qrup iştirak edib.

Dünya Turizm Bələdçiləri Assosiyasiyalar Federasiyası (WFTGA), eləcə də  Mədəniyyət və Turizm Nazirliyinin turizm bələdçiləri üzrə proqramları əsasında təşkil olunan təlimlərdə iştirakçılara nəzəri və praktik biliklər, turizm qanunvericiliyi, bədən dili və digər istiqamətlər öyrədilib. Həmçinin regionun turizm marşrutları üzrə turların texniki tərəfləri, bələdçi texnikası, müxtəlif turların iştirakçıları, o cümlədən turistlərlə kommunikasiyanın düzgün qurulması mövzularında mühazirə və diskussiyalar təşkil edilib. Gələcək bələdçilər Şəki-Zaqatala regionunda turizmin inkişafı ilə bağlı müxtəlif təkliflər irəli sürüblər.

 

Təlim çərçivəsində Balakən və Qax rayonlarının tarixi və mədəniyyət abidələrinə, o cümlədən Qum Bazilikası, Kürmük və Yeddi Kilsə məbədlərinə, qədim məscidlərə tematik turlar da təşkil olunub.

Layihə iştirakçıları bilik səviyyələrinin müəyyən edilməsi məqsədilə nəzəri attestasiyadan keçirilib.

Kursu bitirənlərə sertifikatlar, təlimdə fərqlənən və attestasiyadan keçən 9 iştirakçıya isə turizm bələdçisi kimi fəaliyyət göstərmək üçün şəhadətnamə verilib.

Xatıqladaq ki, RİİB 2016-cı ildə İsmayıllı və Quba-Xaçmaz regionlarında da analoji kurslar təşkil edib. Təlim kurslarının digər turizm bölgələrində də keçirilməsi nəzərdə tutulur.